- 17:57
"Prezident İlham Əliyevin amnistiya təşəbbüsü bütün Azərbaycan ictimaiyyəti tərəfindən alqışlanan mühüm bir addımdır".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, bu, prezident İlham Əliyevin prezidentliyi dövründə irəli sürdüyü ilk amnistiya təşəbbüsü deyil: "Əvvəlki illərdə də amnistiya aktları həyata keçirilmiş və cəmiyyətdə böyük müsbət təsir yaratmışdır. Bu, artıq təkrarlanan, cəmiyyətimizi razı salan və geniş dəstək qazanan bir təşəbbüsdür".
E.Məmmədov amnistiya aktının müəyyən kateqoriyalara şamil olunduğunu vurğulayıb. O, bu aktın geniş bir auditoriyanı əhatə etdiyini və müvafiq qurumların artıq bu məsələyə dair fəaliyyətlərini davam etdirdiklərini qeyd edib. Söyləyib ki, yaxın günlərdə amnistiyaya düşəcək şəxslərin siyahısı açıqlanacaq.
"Bu qərar, həm cəmiyyətimiz, həm də dövlətimiz üçün vacibdir. Daxili siyasətdə və beynəlxalq aləmdə Azərbaycana hörmət gətirən və alqışlanan bir addım kimi qiymətləndirilir. Amnistiyaya düşən şəxslər məsuliyyətlərini dərk etməli və verilən fürsətdən düzgün istifadə etməlidirlər. Bu amnistiya təşəbbüsü minlərlə ailənin sevincinə səbəb olacaq. Arzu edirəm ki, azadlığa çıxan şəxslər keçmiş səhvlərindən nəticə çıxarsınlar, daha əvvəl yol verdikləri cinayətləri təkrarlamasınlar. Cəmiyyətin normal üzvləri kimi həyatlarına davam etsinlər", - deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə