- 12:42
"Avropa Azərbaycanla Ermənistan arasında sülh prosesinə heç bir töhfə verməyib"
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında bildirib.
Deputat Bakıda məhkəməsi keçirilən erməni əsilli şəxslərin əsir adlandırılmasının və onların azad edilməsi ilə bağlı edilən çağırışların Avropanın Azərbaycana qarşı mövqeyini açıq şəkildə göstərdiyini vurğulayıb: "Bu açıq-aşkar Azərbaycana qarşı qərəzli yanaşmanın nümunəsidir. Avropa Parlamentinin qəbul etdiyi qətnamə kağız parçasından başqa bir şey deyil".
O, Xocalı faciəsini törədənlərlə bağlı niyə heç bir bəyanat verilmədiyini soruşub.
"Niyə bu əməllər qınanılmadı?" - deyə C.Məmmədov sual verib.
C.Məmmədov ermənilərin Qarabağda Azərbaycanın məscidlərini, məzarlarını dağıtdığını qeyd edib. Həmçinin, təkcə müsəlman deyil, xristian abidələrinin də dağıdıldığını bildirib. Ermənistanda din xadimlərinə qarşı repressiyalar keçirildiyini və din xadimlərinin həbs olunduğunu söyləyib.
Deputat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanını öz torpaqlarını azad etdiyini, həmin ərazilərdə quruculuq işləri apardığını, ermənilərin dağıtdığı qədim abidələrin bərpa edildiyini qeyd edib.
Şəbnəm Mehdizadə