"Amnistiya qanunlara hörmət ruhunun formalaşmasına töhfə verəcək"


  • 12:19

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Amnistiya qərarının müstəsna yeri olacaq.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü iclasında bildirib.

Deputat bu təşəbbüsün Ümummilli Lider Heydər Əliyevin humanizm siyasətinin davamı olduğunu vurğulayıb: "AXCP-Müsavat dövründə Azərbaycanda ölüm cəzasının qeyri-qanuni formada icra olunurdu. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölüm cəzasının ləğvi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüs onun humanist ruhundan irəli gəlirdi. Həmin dövrdə qanunçuluq və ədalət, siyasi sabitlik bərqərar olundu. İndi bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Bu ilki amnistiya layihəsinin öz əhatə dairəsinə görə ən böyük amnistiya aktı olduğunu bildirən Ə.Hüseynli qərar layihəsinin mükəmməl şəkildə hazırlandığını əlavə edib.

O, qərarın qəbul edildiyi gündən qüvvəyə minəcəyini və icrasının 4 ay ərzində tamamlanacağını bildirib.

Deputat Azərbaycanın məhkəmə və ədliyyə orqanlarının qərarın daha tez icrasını təmin edəcəyini də vurğulayıb.

Sonda Ə.Hüseynli minlərlə şəxsin azadlığa qovuşacağını və bu amnistiyanın qanunlara hörmət ruhunun formalaşmasına öz töhfəsini verəcəyini söyləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər