- 12:37
Prezident İlham Əliyevin təşəbbüsü əsasında qəbul edilmiş Amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə məxsus 4 saylı qadın cəzaçəkmə müəssisəsində həyata keçirilib.
E-huquq.az xəbər verir ki, sözügedən cəzaçəkmə müəssisəsində amnistiya aktı ümumilikdə 52 nəfərə şamil olunur. İlkin mərhələdə 22 qadın azadlığa buraxılıb.
Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Penitensiar Xidmətin rəis müavini Orxan Qasımov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə, həmçinin media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Penitensiar Xidmətin rəis müavini Orxan Qasımov bildirib ki, amnistiya aktı humanizm prinsiplərinə əsaslanır və Ədliyyə Nazirliyi tərəfindən mütəşəkkil və operativ şəkildə icra olunur.
Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması əsas prioritetlərdəndir. Onun sözlərinə görə, əfv və amnistiya siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu, sayca 13-cü və əhatə dairəsinə görə ən geniş amnistiya aktıdır. Səbinə Əliyeva təşəbbüsə görə Prezidentə təşəkkür edib və amnistiyanın cəmiyyətdə mühüm mənəvi-tərbiyəvi əhəmiyyət daşıdığını vurğulayıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə bildirib ki, əfv institutu Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb və bu amnistiya yeni dövrün mühüm qərarlarından biridir. O, azadlığa buraxılan şəxslərə ailələri və cəmiyyət üçün faydalı olmalarını arzulayıb, zərərçəkmişlərə qarşı kin saxlamamağa çağırıb. Deputat qeyd edib ki, amnistiya cəmiyyətdə barış və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, bu, eyni zamanda penitensiar müəssisələrdəki sıxlığın azalmasına da töhfə verəcək.
Şəbnəm Mehdizadə