"Amnistiya cəmiyyətə mühüm humanist mesaj verir" - Ombudsman


  • 11:55

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin mühüm prinsiplərindən biri cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqidir. Əfv və amnistiya institutlarının icrası və tətbiqi bu siyasətin əsas hüquqi mexanizmlərini təşkil edir.

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.

O bildirib ki, əfv və amnistiya institutlarının müstəqil Azərbaycan Respublikasında formalaşması və həyata keçirilməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda icrasına başlanılan amnistiya aktı sayca 13-cüdür. Bu günədək əhatə dairəsinə görə ən böyük amnistiya aktı təxminən 10 min məhkumu əhatə etmiş və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdi".

Ombudsman qeyd edib ki, əfv və amnistiya institutlarının icrası yalnız məhkumları və onların ailə üzvlərini sevindirməklə kifayətlənmir, eyni zamanda cəmiyyətə mühüm humanist mesaj verir: "Azadlığa qovuşan bütün şəxsləri və onların ailələrini ürəkdən təbrik edir, cəmiyyətə və dövlətə layiqli vətəndaşlar kimi qayıtmalarını arzulayıram".

"Bayramlar ərəfəsində minlərlə insana sevinc bəxş etdiyi üçün cənab Prezidentə dərin təşəkkürümü bildirirəm", - deyə S.Əliyeva əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər