- 14:08
"Amnistiya cəmiyyətə mühüm mesaj verir. Bu, təkcə azadlığa qovuşan şəxslərin və onların ailələrinin sevinci deyil, dövlətin humanist siyasətinin bariz nümunəsidir"
E-huquq.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu fonda alternativ cəzaların tətbiqi daha da genişlənəcək.
"Məlum olduğu kimi 10 fevral 2017-ci il tarixdə dövlət başçısı tərəfindən "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncam imzalanmışdı. Həmin sərəncamda alternativ cəzaların tətbiqi əsas prioritet kimi müəyyən edilmişdi. Elektron qolbaq sisteminin tətbiqi də məhz bu islahatların nəticəsidir. Hazırda 3 500-dən artıq şəxs elektron qolbaq cəzasına məhkum edilib", - deyə Z.Oruc qeyd edib
Deputat deyib ki, bu qərar eyni zamanda cəzaçəkmə müəssisələrində sıxlığın aradan qaldırılmasına mühüm töhfə verir: "Bu da bir həqiqətdir ki, yeni həbsxanaların kütləvi şəkildə tikilməsi prioritet deyil və belə də olmalıdır. Dövlət resurslarını həbsxana tikintisinə deyil, cinayətlərin səbəblərinin aradan qaldırılmasına yönəldir ki, cinayət törədənlərin sayı azalsın".
Z.Orucun sözlərinə görə hazırda 27 mindən çox məhkumun təxminən 40 faizi narkotiklə bağlı cinayətlərə, 20 faizi isə oğurluq və oxşar cinayətlərə görə məhkum olunub. Onun fikrincə, narkotik istifadəçiləri ilə bağlı müalicə və reabilitasiya tədbirləri bu sahədə daha effektiv nəticələr verə bilər.
Deputat onu da qeyd edib ki, əhalinin hər 100 min nəfərinə düşən məhkumların sayına görə Azərbaycan dünyada 56-cı yerdədir: "Bu, kifayət qədər müsbət göstəricidir".
Şəbnəm Mehdizadə