Şaiq Mirzəyev: "Amnistiya aktı Azərbaycanda insan hüquqlarına verilən dəyəri təcəssüm etdirir"


  • 17:19

Prezident İlham Əliyev 2025-ci il 15 dekabr tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs Azərbaycanın suverenliyinin tam bərpa olunduğu və Konstitusiyanın ən yüksək hüquqi qüvvəsinin bütün ərazidə təmin olunduğu bir dövrə təsadüf edir. Dövlət başçısı bu addımla yalnız hüquqi dövlət prinsiplərinə sadiqliyini deyil, həm də mərhəmət və humanizm dəyərlərinə bağlılığını bir daha vurğulamış oldu.

Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər, habelə qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad ediləcəklər.

Amnistiya, xüsusilə sosial, hüquqi və humanitar aspektlərdən böyük əhəmiyyət kəsb edir və çoxsaylı insanlara yeni bir başlanğıc imkanı yaratmaq məqsədini güdür. Bu amnistiya aktı ümumilikdə 20 mindən çox insana şamil ediləcək. Onlardan 5 mindən çox məhkum azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad olunacaq. Həmçinin mindən çox şəxs cinayət məsuliyyətindən azad ediləcək. Bu, müstəqil Azərbaycanın tarixində həyata keçirilən ən böyük amnistiya aktı olacaq və minlərlə ailəyə sevinc gətirəcək.

Azərbaycanda əfv və amnistiya institutlarının həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda insan hüquqları və azadlıqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin bu təşəbbüsü insan hüquqlarına verilən önəmi bir daha təcəssüm etdirir. Bu təşəbbüs göstərir ki, dövlətimiz cəzanı yalnız cəzalandırma mexanizmi kimi deyil, həm də islah və tərbiyə vasitəsi kimi qəbul edir. Prezidentin amnistiya təşəbbüsü də məhz bu humanist dövlət siyasətinin parlaq təzahürüdür.

Dövlətimiz cəza siyasətinin humanistləşməsinə böyük önəm verir. Bu siyasətin əyani sübutu Prezidentin 10 fevral 2017-ci il tarixində imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamıdır. Bu sərəncamda alternativ cəzaların tətbiqi prioritet kimi müəyyən edilmişdir və bununla da cəza siyasətində insan hüquqlarına daha çox hörmət və fərdi yanaşma prinsipləri tətbiq edilməyə başlanmışdır. Həbsə alternativ cəzaların tətbiqi, cəza çəkən şəxslərin reabilitasiyasına və onların cəmiyyətə səmərəli şəkildə inteqrasiya olmasına imkan verir. Ağır cinayətlər törətməyən və ya az ağır cinayətlərə görə azadlıqdan məhrum edilən şəxslər alternativ cəzalarla cəmiyyətdə daha faydalı vətəndaşlar olmağa yönləndirilir. Bu yanaşma hüquq sistemindəki daha ədalətli və humanist təfəkkürün göstəricisidir.

Qeyd etmək lazımdır ki, Amnistiya aktı, həmçinin cəzaçəkmə müəssisələrində sıxlığın azaldılmasına müsbət təsir edəcək. Cəzaçəkmə müəssisələrinin artan sıxlığı məhkumların reabilitasiya və sosial inteqrasiyasını çətinləşdirir. Amnistiya nəticəsində cəzaçəkmə müəssisələrindəki sıxlıq azalacaq, bu isə daha yaxşı şəraitin yaradılması və məhkumların sağlam bir şəkildə cəmiyyətə qayıtmaları üçün imkan yaradacaq. Nəticədə, məhkumların təhsil alması, yeni bacarıqlar əldə etməsi və gələcəkdə düzgün yolda olmaları üçün şərait yaranacaq. Bu, həmçinin sosial baxımdan böyük əhəmiyyət kəsb edir, çünki insanın düzgün reabilitasiyası və cəmiyyətdə yenidən yer tapması vacibdir.

Amnistiya qərarı yalnız məhkumlar üçün deyil, onların ailələri üçün də yeni bir ümid və sevinc gətirir. Cəzası azaldılan və ya azadlığa buraxılan şəxslər cəmiyyətə sağlam qayıdaraq yenidən öz həyatlarını qurmaq, təhsil almaq və iş tapmaq kimi imkanlar əldə edəcəklər. Bu şəxslər artıq səhvlərini düzəltmək və gələcəkdə daha yaxşı bir həyat yaşamaq şansı əldə edirlər. Onların cəmiyyətə və dövlətə layiqli vətəndaşlar kimi həyatlarına davam etməsi üçün yeni bir fürsət yaranır. Ümid edirik ki, həmin şəxslər bu fürsəti düzgün şəkildə dəyərləndirəcək və eyni səhvləri bir daha təkrarlamayacaqlar.

Amnistiya cəmiyyətdə bağışlama, əfv və barış ideallarını təşviq edir. Bu təşəbbüs Azərbaycan cəmiyyətində sülhün, əmin-amanlığın və sosial həmrəyliyin təşviqinə yönəlib. İnsanlar cəzalandırmaq yerinə, başqalarını bağışlamağa təşviq olunur.

Sonda bir daha vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin bu təşəbbüsü cəmiyyəti birləşdirən, insanların rifahını artıran və hər bir vətəndaşın hüquq və azadlıqlarına dəyər verən bir addımdır. Azərbaycan xalqı bu təşəbbüsə yüksək qiymət verir. Bu böyük humanist təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarıq!.

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü

Hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər