Məktəblilərə hüquqi maarifləndirmə təlimləri keçirildi - FOTO


  • 13:02

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) tərəfindən “Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” adlı layihə həyata keçirilib.

E-huquq.az-ın məlumatına görə, layihə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq gənclər arasında hüquqi biliklərin artırılmasına, dövlətçilik prinsiplərinə hörmətin və vətəndaş məsuliyyətinin gücləndirilməsinə yönəlib.

Layihənin birinci mərhələsi hüquq fakültələrinin III–IV kurs tələbələri və gənc hüquqşünaslar üçün nəzərdə tutulmuş hazırlıq təlimlərini əhatə edib.

22 noyabr tarixində keçirilən ilk təlim kibertəhlükəsizlik və kiberbullinq mövzusuna həsr olunmuş, təlimçi Sənan Vəlizadə tərəfindən rəqəmsal mühitdə təhlükəsizlik, şəxsi məlumatların qorunması və sosial şəbəkə risklərinin azaldılması ilə bağlı praktik biliklər təqdim edilib.

23 noyabr tarixində təşkil olunan növbəti təlimlər isə iki istiqamətdə aparılıb. Konstitusiya və suverenlik mövzusunda Orxan Bəşirli suverenlik anlayışı, dövlətçilik prinsipləri və konstitusiya modelləri barədə məlumat vermiş, effektiv çıxış və pedaqoji yanaşmalar mövzusunda isə Aynurə Kayınbəyova iştirakçıların auditoriya ilə ünsiyyət və məlumatların aydın şəkildə ötürülməsi bacarıqlarının inkişafına yönəlmiş təlim keçib.

Layihə çərçivəsində Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində X–XI sinif şagirdləri üçün interaktiv hüquqi maarifləndirmə təlimləri təşkil olunmuşdur. Təlimlər zamanı şagirdlər Azərbaycan Respublikasının Konstitusiyası, suverenlik anlayışı və kibertəhlükəsizlik mövzularında məlumatlandırılıb.

Layihənin təntənəli açılış mərasimi və ilk təlimlər 16 dekabr tarixində 291 nömrəli Ekologiya Liseyində keçirilib. Təlimlər Fuad Kərimli və Aydan Cəfərli tərəfindən aparılıb, şagirdlərə Konstitusiya, suverenlik və kibertəhlükəsizlik mövzularında məlumatlar təqdim edilib.

İkinci gün, yəni 17 dekabr tarixində təlimlər 181 nömrəli tam orta məktəbdə İsmayıl Rüstəmov və Aysu Hüseynova tərəfindən keçirilib.

Təlimlərin üçüncü günü isə 19 dekabr tarixində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında baş tutub, təlimçilər Kamran Zeynalov və Röya Məmmədli olub.

Dördüncü gün, 22 dekabr tarixində Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada təlimlər Selcan İsmayılzadə və Nuray Əhmədova tərəfindən təşkil edilib.

Təlimlərin beşinci günü 23 dekabr tarixində 258 nömrəli tam orta məktəbdə təlimlər Əntiqə Məmmədli və Fərid Əlixanov tərəfindən keçirilib.

Altıncı gün – 24 dekabr tarixində 335 nömrəli tam orta məktəbdə təlimlər Fuad Kərimli və Əntiqə Məmmədli tərəfindən aparılıb.

Layihə çərçivəsində son təlimlər isə 26 dekabr tarixində 28 nömrəli tam orta məktəbdə keçirilmiş, təlimçilər Aydan Cəfərli və Kamran Zeynallı olub.

Nəhayət, “Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” layihəsi çərçivəsində keçirilən maarifləndirmə təlimləri şagirdlərin hüquqi biliklərinin artırılmasına və vətəndaş məsuliyyəti anlayışının formalaşdırılmasına töhfə verib.

Oxşar xəbərlər