- 14:51
2025-ci il “Femida Könüllüləri” Təşkilatı üçün gənc hüquqşünasların peşəkar inkişafının dəstəklənməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi və praktik hüquqi biliklərin təşviqi baxımından əlamətdar il olmuşdur. İl ərzində təşkilat könüllülük institutunun inkişafını prioritet istiqamət kimi müəyyən edərək ölkə üzrə müxtəlif dövlət və hüquq profilli özəl təşkilatlar ilə ardıcıl və sistemli əməkdaşlıq həyata keçirmişdir.
İlin əvvəlindən etibarən “Femida Könüllüləri” məhkəmə, ədliyyə, vəkillik və mediasiya istiqamətləri üzrə könüllülük proqramlarını əhatə etmiş, birinci və yuxarı instansiya məhkəmələrində, ədliyyə orqanlarında, vəkil bürolarında və mediasiya qurumlarında fəaliyyət göstərmişdir. Bu çərçivədə yüzlərlə gənc hüquqşünas real hüquqi mühitlə tanış olmuş, nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirmək imkanı əldə etmişdir.
2025-ci il ərzində ümumilikdə 843 gənc hüquqşünas təşkilatın müxtəlif proqram və layihələrinə cəlb olunmuş, onların iştirakı ilə 907 könüllülük fəaliyyəti icra edilmişdir. Könüllülər əsasən məhkəmə, ədliyyə, vəkillik və mediasiya modulları üzrə aktiv fəaliyyət göstərmiş, bir qrup könüllü isə paralel olaraq hər iki istiqamətdə iştirak edərək daha geniş və çoxşaxəli hüquqi baxış formalaşdırmışdır. Bu göstəricilər “Femida Könüllüləri”nin könüllülük sisteminin davamlı, funksional və effektiv şəkildə qurulduğunu nümayiş etdirir.
Ölkədə elan olunmuş “Konstitusiya və suverenlik ili” çərçivəsində təşkilat könüllülərin ixtisaslaşmasını və peşəkar hüquqi düşüncə bacarıqlarının inkişafını hədəfləyən bir sıra ixtisasyönümlü layihələr həyata keçirmişdir. Legal MeetUp, ArbiTrain, Dəyirmi Masa, Femida Akademiya və Lexaris layihələri çərçivəsində iştirakçılar hakimlər, vəkillər, mediatorlar və sahə üzrə ekspertlərlə birbaşa ünsiyyətdə olmuş, real kazuslar və aktual hüquqi mövzular ətrafında dərin müzakirələr aparmışlar. Bu layihələr gənc hüquqşünasların hüquqi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
2025-ci ilin 28 fevral tarixində Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə Azərbaycan Hakimlərinin I Forumu keçirilib. 400-dən çox məhkəmə hakiminin, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaq olub. Tədbir çərçivəsində Femida Könüllüləri Təşkilatı “Məhkəmə-hüquq sistemində könüllülük fəaliyyətinin səmərəli təşkilinə görə”, bir sıra Femida Könüllüsü isə “Məhkəmə-hüquq sistemində ictimai fəallığına görə” nominasiyası ilə təltif edilib. Həmçinin, Femida Könüllüləri Təşkilatı forumun yüksək səviyyədə həyata keçirilməsi məqsədilə tədbirin təşkili və icrasında fəal iştirak edərək, qeydiyyat prosesinin aparılması, iştirakçıların yönləndirilməsi və ümumi təşkilati məsələlərin icrasında zəruri dəstək göstərmişdir. Bu dəstək forumun planlaşdırılmış şəkildə və səmərəli keçirilməsinə, eləcə də tədbirin ümumi təşkilati proseslərinin koordinasiyasına mühüm töhfə vermişdir.
2025-ci il iyunun 18-də Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunan “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Qeyd olunan konfransda Femida Könüllüləri təşkilati dəstək göstərmiş, konfransın gedişində fəal iştiraklarına görə sertifikatlarla da təltif olunmuşdurlar.
Həmçinin, 2025-ci ilin 24-25 oktyabr tarixində Bakı Arbitraj Mərkəzinin rəsmi inauqurasiyası münasibətilə Azərbaycan Arbitraj Günləri keçirilmişdir. Tədbirin əsas məqsədi arbitraj institutunun ölkəmizdə inkişafı, bu sahədə maarifləndirmənin artırılması, hüquq ictimaiyyəti ilə tələbə gənclər arasında bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də müasir arbitraj mexanizmlərinin hüquq təcrübəsinə inteqrasiyasına dəstək göstərmək olub. Arbitraj Günləri çərçivəsində keçirilən sessiyalarda yerli və xarici hüquqşünaslar arbitraj praktikasının inkişafı, beynəlxalq təcrübə və milli hüquq sistemində tətbiqi imkanları barədə çıxışlar ediblər. Tədbir çərçivəsində Femida Könüllüləri qonaqların qarşılanması və qeydiyyatında, həmçinin tədbirin təşkilati işlərinin idarə edilməsində fəal iştirak ediblər.
2025-ci ilin aparıcı layihələrindən biri kimi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tərəfdaşlığı ilə “DİVAN” Milli Məhkəmə Simulyasiyası təşkil edilmişdir. Layihə gənc hüquqşünasların məhkəmə proseslərinin mexanizmlərini praktik müstəvidə mənimsəmələrinə, hüquqi arqumentasiya və çıxış bacarıqlarını inkişaf etdirmələrinə imkan yaratmışdır. Layihə nəticəsində iştirakçılar Azərbaycan məhkəmə sisteminin, xüsusən də birinci instansiya məhkəməsinə müraciət qaydaları, məhkəmə prosesinin gedişatı və iddianın qəbuledilənlik meyarları ilə yaxından tanış olmaq imkanı əldə etmişlər. Qeyd olunan müsabiqədə iştirak üçün 200-dən çox hüquqşünas gənc müraciət etmişdir, seçim mərhələlərindən uğurla keçən 185 nəfər layihədə iştirak etmişdir. Layihə ölkənin ən böyük məhkəmə simulyasiyası olmaqla yanaşı, Azərbaycan Respublikasının milli məhkəmə modelinə uyğun şəkildə formalaşdırılmış, gənc hüquqşünasların peşəkar bilik və bacarıqlarının artırılmasına xidmət edən layihə kimi qiymətləndirilmişdir.
Bununla yanaşı, hüquqi maarifləndirmənin cəmiyyətin daha geniş auditoriyasına çatdırılması məqsədilə Femida TV, Femida FM, Doğrusu belədir və Gündəlik Hüquq layihələri icra olunmuşdur. Əsasən onlayn platformalar və sosial şəbəkələr üzərindən həyata keçirilən bu təşəbbüslər vasitəsilə 25.000-dən artıq şəxs hüquqi məzmunla əhatə olunmuşdur.
Eyni zamanda, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə reallaşdırılan “Məktəblinin hüquq bələdçisi” layihəsi çərçivəsində məktəblilər üçün hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir. Layihə çərçivəsində Konstitusiya ilə təsbit olunmuş hüquq və vəzifələr, hüquq bərabərliyi və hüquqi məsuliyyət anlayışları interaktiv və praktik müzakirələr əsasında izah edilmişdir. Layihə çərçivəsində keçirilən hüquqi maarifləndirmə tədbirləri 12 məktəbi, 4 rayonu - Gəncə, Göygöl, Lənkəran, Astara və ümumilikdə 1200 iştirakçını əhatə etmişdir.
İntellektual potensialın inkişafına yönəlmiş Legal Ring, Daxili Debat Müsabiqələri və AI4Law layihələri isə gənclərin analitik düşüncə, mübahisə və innovativ hüquqi yanaşma bacarıqlarının formalaşmasına xidmət etmişdir. Bu təşəbbüslər hüququn yalnız normativ çərçivədə deyil, eyni zamanda analitik və texnoloji aspektlərdən öyrənilməsinə şərait yaratmışdır.
Bundan əlavə, “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə Quba rayonunda təşkil olunan “Zəfər salnaməsi: Hüquq və Birliyimiz” adlı gənclər düşərgəsi çərçivəsində hüquqi maarifləndirmə sessiyaları, interaktiv müzakirələr və komanda əsaslı təlimlər keçirilmişdir.
İl ərzində təşkilat tərəfindən müxtəlif dövlət qurumlarının nümayəndələri, hakimlər, vəkillər, mediatorlar, akademik dairələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində panel müzakirələri və görüşlər təşkil edilmişdir. Bu platformalar gənc hüquqşünasların dövlət strukturlarında karyera imkanlarını yaxından tanımasına, hüquq sisteminə peşəkar inteqrasiyasına və institusional dialoqun gücləndirilməsinə mühüm töhfə vermişdir.
Hüquqşünaslıq ixtisası həm yerli, həm qlobal reytinqə görə bəzi ixtisaslara münasibətdə daha yüksək qəbul nəticəsi tələb edən ixtisasdır. Bu da öz-özlüyündə bizim fəaliyyətimizin əsas subyekti sayılan hüquqşünas gənclərin tələblərinin və qoşulduğu fəaliyyətlərə qarşı daha tənqidi yanaşma riskini özündə saxlayr. Çünki hüquqşünas gənc ilk növbədə daha sürətli müqayisə və təhlil bacarıqlarına sahib olur bunun səbəbi isə çox sadədi – təhsil aldığı ixtisas ilk gündən bu bacarıqları öyrədir. Lakin düşünürəm ki, buna baxmayaraq bu qısa müddət ərzində çox sayda hüquqşünas gənci öz sıralarımıza qoşa bilmişik.
Eyni zamanda bildirmək istəyirəm ki, Femida könüllüləri Təşkilatı ölkədə bu qədər hüquqşünas gənci bir araya toplamaqla bərabər aktiv fəaliyyətə cəlb edən ilk təşkilatdır. Belə ki, bizim üzv kimi statistikada göstərdiyimiz gənclər sadəcə tədbirlərdə iştirakla kifayətlənmirlər. Onların hər biri sistemli şəkildə ən azı 3 ay olmaqla müvafiq müəssisələrdə vətəndaşlar və peşəkar hüquqşünaslarla çalışırlar.
Əlavə olaraq, təşkilatın sistemli və planlı fəaliyyəti nəticəsində könüllülər yalnız praktiki təcrübə qazanmaqla kifayətlənmir, eyni zamanda hüquq sahəsində təşəbbüskar layihələrdə, simulyasiya və maarifləndirmə tədbirlərində fəal iştirak edərək, hüquq təhsilinin və gənclərin peşəkar inkişafına real töhfə verirlər.
İlk növbədə demək istərdim ki, ixtisasından və təhsil pilləsindən asılı olmayaraq hər bir Azərbaycan gənci öz məsuliyyətini dərk edərək, öz sahəsində ən yüksək peşəkarlığa çatmağı hədəfləməlidir. Bu gün əmək bazarının yüksək rəqabətliliyi hər sahədə özünü müxtəlif formada göstərməkdədir. Rəqabətin hər keçən gün artdığı bir mühitdə fərqlənməyin tək yolu — durmadan öyrənmək və peşəkarlığa can atmaqdır. Femida Könüllüləri Təşkilatı olaraq həm də gənc olaraq bizim hər bir üzvümüzün bu rəqabət mühitinə hazır olması dövlətimiz və millətimiz qarşısında olan məsuliyyətlərimizdən biridir.
2026-cı ilin hər birimiz üçün yeni uğurlar və nailiyyətlərlə dolu olmasını arzu edir, qarşıdan gələn bayramınızı səmimi qəlbdən təbrik edirəm.
“Femida Könüllüləri” Təşkilatı 2025-ci ildə əldə etdiyi nəticələri əsas götürərək, qarşıdakı dövrdə də gənc hüquqşünasların potensialının üzə çıxarılması, hüquqi biliklərin cəmiyyətə effektiv şəkildə çatdırılması və hüquq sahəsində dayanıqlı inkişafın təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirməyi hədəfləyir.
Salman Vahabov
“Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin sədri