Bahar Muradova Böyük Britaniyada çalışan azərbaycanlı alimlərlə görüşdü - FOTO


  • 13:22

Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova Böyük Britaniyada akademik və elmi fəaliyyət göstərən azərbaycanlı alimlər Aygün Azadova və Fərid Ədilovla görüşüb.

E-huquq.az xəbər verir ki, Komitə sədri sosial şəbəkədəki səhifəsində görüşlə bağlı təəssüratlarını bölüşüb.

Komitə sədri görüşün ilin sonuna təsadüf etməsinin qarşıdakı dövr üçün planların daha dəqiq və məqsədyönlü formalaşdırılmasına imkan yaratdığını bildirib. Onun sözlərinə görə, görüş elm, təhsil və dövlət siyasətinin qarşılıqlı şəkildə tamamlandığı sahələrdə yeni yanaşmaların müzakirəsi baxımından əhəmiyyətli olub.

B.Muradova qeyd edib ki, Aygün Azadova Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın "Essex" Universitetində doktorantura təhsilini uğurla başa vurub və süd vəzi xərçəngi ilə bağlı elmi tədqiqatını yüksək səviyyədə müdafiə edib: "O, eyni zamanda iki il ərzində həmin universitetdə müəllim və fənn rəhbəri kimi biologiya ixtisasını tədris edib, tələbələrlə uğurlu və nəticəyönümlü işi 2024-cü ildə "Təhsildə Mükəmməllik" mükafatı ilə dəyərləndirilib. Bu uğur Azərbaycanlı alimlərin beynəlxalq akademik mühitdə etimad qazandığının bariz göstəricisidir".

Komitə sədrinin sözlərinə görə, Fərid Ədilov isə uzun illər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, o cümlədən Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri kimi çalışaraq dövlət siyasətinin formalaşdırılması və icrası sahəsində dərin praktiki təcrübə əldə edib: "Hazırda "Essex" Universitetinin Sosiologiya və Kriminologiya Departamentində doktorantura təhsili alır və müəllim kimi fəaliyyət göstərir. Onun tədqiqatı Azərbaycanın keys araşdırması əsasında qadınların milli qanunvericilik orqanlarında təmsilçiliyinin qərar qəbuletməyə təsirini tədqiq edir. Bu tədqiqatın nəticələrinin növbəti ildə "Oxford" Universitetində təqdim ediləcək olması ölkəmizdə bu sahədə həyata keçirilən siyasətin beynəlxalq elmi platformalarda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır".

Görüş zamanı Aygün Azadova və Fərid Ədilovun 15-16 dekabr 2025-ci il tarixlərində Qarabağ Universitetində akademik heyət və tələbələr üçün keçirdikləri təlimlər də xüsusi qeyd edilib. Təlimlərdə Birləşmiş Krallığın ali təhsil təcrübəsi, müasir tədris və qiymətləndirmə yanaşmaları, eləcə də akademik oxu və yazı bacarıqlarının inkişafı mövzularının müzakirə olunduğu vurğulanıb.

Bahar Muradova xaricdə fəaliyyət göstərən alimlərin təmsil olunduqları universitetlərlə Azərbaycan ali təhsil müəssisələri arasında institusional əməkdaşlıqların qurulmasının vacibliyini vurğulayıb. O, bu cür əməkdaşlıqların elmi mübadilənin genişlənməsinə və beynəlxalq təcrübənin ölkəyə transferinə mühüm töhfə verəcəyini bildirib.

Komitə sədri sonda Aygün Azadova və Fərid Ədilovu elmi nailiyyətləri münasibətilə təbrik edib, onların bilik və təcrübələrinin Azərbaycan elminin və dövlət siyasətinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Oxşar xəbərlər