BDYPİ-dən sürücülərə - XƏBƏRDARLIQ


  • 16:59

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) vətəndaşları bayram günlərində qanunsuz sərnişindaşıma xidmətindən yararlanmamağa çağırıb.

İdarədən e-huquq.az-a verilən məlumatda bildirilib ki, bayram günləri ilə əlaqədar ölkə ərazisində avtomobillə səyahətlərin təşkili əhəmiyyətli dərəcədə artıb:

"Belə səfərlər zamanı, adətən, qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur. Təəssüf ki, bu qəbildən olan daşımalar zamanı avtomobilin texniki vəziyyəti, sürücülərin reysqabağı tibbi müayinəsi, onların iş və istirahət rejiminə riayət etməsi kimi məsələlərə ciddi yanaşılmır. Eyni zamanda, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir. Bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını dəfələrlə artırır".

Məlumatda həmçinin vurğulanıb ki, son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadə halları da nəzərəçarpacaq dərəcədə artıb:

"Lakin nəzərə almalıyıq ki, kirayə avtomobillərin texniki vəziyyəti, yaxud xidmətindən istifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsi barədə əvvəlcədən məlumatlı olmamaq potensial təhlükə deməkdir. Ümidvarıq ki, bayram günlərində əhval-ruhiyyənizin xoş ovqata köklənməsi üçün tövsiyələrimizi nəzərə alacaq, səyahətlərinizi bu sahədə ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərə etibar edəcəksiniz".

Oxşar xəbərlər