- 17:42
"Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə cəmiyyəti narahat edən bütün məsələlərə aydınlıq gətirib. Dövlət qarşısında duran problemlərlə bağlı görülən işlər, əldə olunan nailiyyətlər və qarşıya qoyulan hədəflər ictimaiyyətə şəffaf şəkildə təqdim olunub".
Bu fikirləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib.
Deputat bildirib ki, müsahibədə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin əleyhinə fəaliyyət göstərən qüvvələrin neytrallaşdırılması, Azərbaycanın müstəqil siyasətini qəbul etmək istəməyən dairələr, həmçinin ABŞ-Azərbaycan, Avropa-Azərbaycan və Mərkəzi Asiya-Azərbaycan münasibətləri, eyni zamanda beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu ilə bağlı mühüm mesajlar verilib.
N.Məhəməliyevin sözlərinə görə, son illər qlobal miqyasda ciddi dəyişikliklər müşahidə olunur: "Yeni dünya nizamı və təhlükəsizlik arxitekturası formalaşır. Hər bir dövlət öz siyasi, iqtisadi və hərbi təhlükəsizliyini təmin etməyə borcludur. Bu səbəbdən ölkələr xarici siyasət doktrinalarını yenidən nəzərdən keçirir, müdafiə sistemlərini gücləndirirlər. Bu prosesdə tarixi təcrübə əsas meyar kimi çıxış edir. Son 200 ildə müxtəlif imperiyaların təzyiqləri nəticəsində xalqımızın üzləşdiyi çətinliklər nəzərə alınır. Hər bir dövlət milli siyasətini müstəqil şəkildə formalaşdırır. Bu baxımdan Prezident İlham Əliyevin həm 44 günlük Vətən müharibəsi dövründə, həm də müharibədən sonrakı mərhələdə apardığı siyasət tam şəkildə özünü doğruldub".
Deputat vurğulayıb ki, Prezident müsahibədə müdafiə sənayesinin inkişafına xüsusi önəm verildiyini də qeyd edib: “Bu yanaşma milli müdafiə strategiyamıza uyğun olmaqla yanaşı, iqtisadi inkişafımıza da mühüm töhfə verir. Əvvəllər ehtiyaclarımızın demək olar ki, hamısı xaricdən asılı idi. İqtisadiyyatın və sənayenin diversifikasiyası nəticəsində milli müdafiə sənayesi formalaşıb. Bu isə iqtisadi gücün artması və valyuta vəsaitlərinin ölkə daxilində qalması deməkdir. Artıq bu istiqamətdə ilkin addımlar atılıb, özəl sektor da müdafiə sənayesinə cəlb olunur ki, bu da son dərəcə müsbət və perspektivli yanaşmadır”.
N.Məhəməliyev əlavə edib ki, Prezidentin verdiyi müsahibə daxili və xarici siyasət, diplomatiya və ordu quruculuğu sahələrində görülən işlərin Azərbaycan cəmiyyəti tərəfindən yüksək qiymətləndirildiyini nümayiş etdirir və gələcəyə inam yaradır.
Şəbnəm Mehdizadə