"İranda mövcud rejim artıq tükənmiş vəziyyətdədir" - DEPUTAT


  • 9 Yanvar 17:04

"İranda mövcud rejim artıq tükənmiş vəziyyətdədir. Mahiyyət etibarilə indiyədək dini-ideoloji əsaslar üzərində formalaşmış və ziddiyyətli xarakter daşımasına baxmayaraq, idarəetməni müəyyən dərəcədə təmin edə bilən bu sistemin insanları öz təsiri altında saxlamaq üçün malik olduğu resurslar faktiki olaraq tükənmişdir.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib.

Deputat bildirib ki, İran rejimi artıq öz "divarları" çərçivəsində sıxışdırılıb: “Dünya əvvəlki dünya deyil. İnsanlar ətraflarında baş verən hadisələr barədə kifayət qədər dolğun və ciddi məlumat əldə edir, eyni zamanda öz strateji baxışlarını formalaşdıra bilirlər. Digər tərəfdən, uzun illərdir tətbiq olunan sanksiyalar hakimiyyətə ciddi təsir göstərib. Burada həm dini, həm də sekulyar hakimiyyət qolları nəzərdə tutulur. Eyni zamanda İranın proksi qüvvələrinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən əməliyyatlar, İranın faktiki olaraq Suriyadan, Yəməndən və İraqdan sıxışdırılması, eləcə də öz sərhədləri daxilində təzyiq altına alınması ölkənin xarici təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. Əvvəllər ətraf ölkələrdə proksilər vasitəsilə problemlər yaratmaq mümkün olurdu və diqqət əsasən həmin qüvvələrlə mübarizəyə yönəlirdi. Burada SEPAH xətti ilə yaradılmış terror təşkilatları və qruplaşmalardan söhbət gedir. Artıq bu proksi strukturlar sıradan çıxarılıb və böyük ölçüdə məhv edilib. "Hizbullah" və digər qruplara qarşı həyata keçirilən əməliyyatların nəticələri də bunu açıq şəkildə göstərir. Faktiki olaraq İran rejimi öz "divarları" çərçivəsində sıxışdırılıb. Son günlərdə baş verən hadisələr isə ictimai rəyə rejimin dayanıqsızlığı ilə bağlı ciddi təsir göstərir".

E.Mirzəbəyli qeyd edib ki, İranda sosial problemlərin gündən-günə artması və əvvəllər əhalini susdurmaq üçün istifadə olunan müəyyən sosial və iqtisadi təminatların aradan qalxması bu prosesləri daha da sürətləndirir: "Mövcud şəraitdə hadisələrin sürətlə inkişaf edəcəyi və intensivləşəcəyi ehtimalını birmənalı şəkildə ifadə etmək çətindir. Bu dəfə prosesin tam şəkildə yekunlaşacağı və rejimin dağılacağı barədə qəti fikir bildirmək də asan deyil, çünki proseslər olduqca mürəkkəb xarakter daşıyır. Bununla yanaşı, xarici faktorların həddindən artıq qabardılması da ictimai rəyə təsir göstərir. Repressiv üsullar bu mərhələdə əvvəlki kimi effektiv olmayacaq, lakin prosesin müəyyən mənada uzunmüddətli xarakter alacağı və davamlı olacağı gözlənilir. Bunun 5 ay, 10 ay və ya 1 il çəkəcəyi barədə isə konkret bir şey demək mümkün deyil.”

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər