“Azərbaycanda kommersiya məhkəmələrinin yaradılması sahibakrlığın inkişafına töhvə verəcək”.
Bunu e-huquq.az-a açıqlamasında vəkil Etibar Həsənov deyib.
Vəkil bildirib ki, bu gün Milli Məclisin iclasında "Məhkəmələr və Hakimlər haqqında" AR Qanununa birinci instansiya məhkəməsi qismində kommersiya məhkəmələrinin yaradılmasına dair dəyişikliyin müzakirəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 03 aprel 2019-cu il tarixdə "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədardır.
“Həmin Fərmanın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə, xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə dair birgə təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər. Həmçinin Fərmanın 12-ci bəndində məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılması barədə müvafiq göstəriş vardır. Əlbəttə, kommersiya məhkəmələrinin yaradılması məhkəmə sistemində indiyə kimi həyata keçirilmiş ixtisaslaşmanın davamı olmaqla, həm mövcud olan məhkəmələrdə iş yükünün azalmasına, işlərin vaxtında və obyektiv araşdırılmasına, həm də ölkəmizdə sahibkarların hüquqi mübahisələrinin həlli istiqamətində keyfiyyətin artmasına və nəticə etibarıilə sahibkarlığın inkişafına da öz tövhəsini verəcəkdir” – deyə, E. Həsənov qeyd edib.
