- 12:12
20 Yanvar hadisələri Azərbaycan xalqının tək faciəsi yox, həm də tarixinin ən şərəfli səhifələrindən biri, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq və müstəqillik istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda demokratik qaydada cəsarətlə mübarizə apardığı çox şərəfli bir tarixdir. Məhz xalqımızın azadlığa və zəfərlərə gedən yolunun başlanğıcı da 20 Yanvar gecəsi qoyulub.
Azərbaycan xalqının milli azadlıq ruhunun, müstəqillik və suverenlik arzusunun qarşısının alınması məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq və fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə, eləcə də Azərbaycan Respublikasının bir sıra şəhər və rayonlarına beynəlxalq hüquq normalarına və Konstitusiyaya zidd olaraq kənardan böyük ordu kontingenti yeridilərək xalqın suveren hüquqlarının bərqərar edilməsi üçün ayağa qalxmış dinc əhaliyə amansızcasına divan tutulmuşdur. Hərbi təcavüz nəticəsində Bakıda və ətraf rayonlarda 150 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 4 nəfər itkin düşdü, 841 nəfər qanunsuz həbs edildi. Onların arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olmuşdur.
Günahsız insanlara qarşı vəhşicəsinə törədilmiş faciədən dərhal sonra, 1990-cı il 21 yanvar tarixində xüsusi nəzarətdə, təzyiqlərə, özünün və ailəsinin həyatına yarana biləcək təhlükəyə baxmayaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, sərt bəyanat verərək bu əməlin demokratiya və humanizm, qanunların aliliyinə tamamilə zidd olduğunu və belə bir ağır cinayətin SSRİ və respublika rəhbərliyi tərəfindən törədildiyini dünya ictimaiyyətinə çatdırdı və terror aktına cəsarətlə ilk siyasi-hüquqi qiymət verdi.
Ulu Öndər Heydər Əliyev qeyd edilən mətbuat konfransında böyük kədər hissi ilə bildirmişdir: “...Respublikada neçə ordu birləşməsinin olması mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər- 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun hissələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı...”
Görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev Moskva Bəyənatını verməklə SSRİ və respublika rəhbərliyinə kəskin şəkildə çatdırdı ki, həmişə olduğu kimi, ən çətin məqamlarda da doğma Azərbaycan xalqı ilə bir yerdədir, xalqının azadlıq mücadiləsinə haqq qazandırır, dəstək verir və bu yoldan onu heç bir qüvvə çəkindirə bilməz. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.
Respublikaya 1993-cü ilə kimi rəhbərlik etmiş səriştəsiz vəzifə sahibləri öz mənafeləri naminə qanlı faciəyə siyasi-hüquqi qiymət verməyə nəinki təşəbbüs göstərməmişlər, bu terror aktını ört-basdır etməyə çalışmışlar. Respublika əhalisinin tələbi ilə 1990-cı il yanvar ayının 22-də çağırılmış Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası da öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsinə şəffaf şərait yaradılmadı.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin 1990-cı ilin iyun ayında xüsusi nəzarət altında olmasına baxmayaraq Moskvadan vətənə qayıtması nəticəsində Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında 20 Yanvar faciəsinə siyasi qiymət verilib. Ali Məclisin “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” 1990-cı il 21 noyabr tarixli qərarında ilk dəfə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunması əksini tapdı. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atıldı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Ümummilli Liderimiz Heydər Əliyev Rəyasət Heyətinin 1990-cı ilin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsini tələb edən bəyənnaməni imzaladı.
Ulu Öndər Heydər Əliyev qədirbilən Azərbaycan xalqının təkidli tələbi ilə respublikanın rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ilin fevral ayında keçirilmiş xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi, hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin 29 mart tarixində “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul edildi.
Qərarda Sovet İttifaqı Kommunist Partiyasının, Sovet dövləti və höküməti rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi, hakim mövqelərini qorumaq naminə öz xalqının qanının axıdılmasına razılıq verən Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun Azərbaycan xalqına xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz təsdiqini tapdı. Eyni zamanda qanlı faciə ilə bağlı müvafiq dövlət orqanlarına aidiyyati tapşırıqlar verildi.
20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, prinsipia və ardıcıl mübarizəsi nəticəsində dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı.
Ümumilli Lider 20 Yanvar şəhidlərinin xatirəsinin əbədləşdirilməsinin, onların ailələrinə dövlət qayğısının göstərilməsinin bünövrəsini qoydu və bu sahəyə hər zaman böyük diqqət göstərdi. 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə 1994-cü ildə 20 Yanvar - Ümumxalq Hüzn Günü təsis olundu. Hər il bu tarixdə ölkədə matəm mərasimləri keçirilir və qədirbilən xalqımız canlarını fəda etmiş şəhidlərimizi sonsuz ehtiramla ziyarət edir. Bu gün Şəhidlər xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq inşa edilib. Dahi rəhbər Heydər Əliyevin 1998-ci il 31 mart tarixində imzaladığı Fərmanla “20 Yanvar Şəhidi” fəxri adı təsis olundu.
Ümummili Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsinin əbədiləşdirilməsi və uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin güclənidirlməsi məqsədilə ilbəil mühüm qərarlar verir. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 19 yanvar tarixli Fərmanı ilə şəhid ailələrinə dövlət qayğısı artırılmış, onların sosial müdafiəsi daha da gücləndirilmiş və bu sahədə müvafiq tədbirlər mütəmadi olaraq davam etdirilir.
1990-cı ildə başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci ilin sentiyabr ayında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi və 2023-cü ilin 19-20 sentiyabr tarixlərində Qarabağda aparılmış anti-terror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə ən yüksək zirvəsinə çatdı.
Leyla Əliyeva
Gəncə İnzibati Məhkəməsinin hakimi