Səyyad Mirzəyev: "20 Yanvar faciəsi Azərbaycan xalqı üçün böyük sınaq idi"


  • 16:36

"20 Yanvar faciəsi Azərbaycan xalqı üçün böyük sınaq idi".

Bu sözləri e-huquq.az-a açıqlamasında "Mirzəyev və Partnyorları" Vəkil Bürosunun müdiri Səyyad Mirzəyev deyib.

O bildirib ki, 1990-cı ilin 20 yanvar gecəsi Azərbaycan xalqı tarixinin ən qanlı və dəhşətli hadisələrindən birini yaşayıb: "Həmin gecə SSRİ silahlı qüvvələri Bakıya və digər şəhərlərə hücum edərək, dinc insanlarımızı, o cümlədən mülki şəxsləri amansızca qətlə yetirdilər".

S.Mirzəyev həmin dövrdə Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiqi vəzifəsində çalışdığını deyib. O, həmin gecə yaşadıqlarını belə xatırlayıb: "20 yanvar gecəsi növbətçilik edirdim. Gecə saatlarında şəhərə çıxdıq və Tbilisi prospekti ilə üzü yuxarı getməyə başladıq. Tanklar hər tərəfə güllə atır, hərəkət edən hər şeyə qarşı güc tətbiq edirdilər. Tanklardan biri bizim maşınımızı gördü və qəsdən üzərimizə sürüldü. Sürücümüz çox çətinliklə manevr edib bizi ölümdən qurtardı. Hər şey o qədər sürətli və gözlənilməz oldu ki, mənim və digər əməkdaşların da həyatı təhlükə altında idi. Maşınımızla idarəyə qayıtdıq. O an nə edəcəyimizi bilmir, vəziyyətin necə davam edəcəyini gözləyirdik. Mən dərhal evə zəng edib uşaqları məktəbə göndərməmələrini dedim. Bu faciənin təsirindən uzun müddət çıxa bilmədik. Bakıda və bütün ölkədə baş verənlər Azərbaycan vətəndaşı, eləcə də bir ailə başçısı kimi mənə çox ağır təsir etmişdi. Bu hadisələrdən sonra hər birimiz ciddi stress keçirdik, hətta məyus olduq. O dövrdə biz heç nə edə bilmirdik. Hərbi güc qarşısında əlimiz boş idi, heç birimiz ona qarşı çıxmağa cəsarət edə bilmirdik. Tanklar qarşısında silahsız və müdafiəsiz idik. Bu, Azərbaycan xalqının qarşısında böyük bir sınaq idi. Amma biz bu faciənin altından qalxaraq, müstəqil bir dövlət qurduq".

O əlavə edib ki, 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi hər il böyük ehtiramla yad edilir: "Biz şəhidlərimizin məzarlarını ziyarət edir, Şəhidlər Xiyabanında onların ruhunu yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz artıq güclü, müstəqil və qalib bir Azərbaycan dövlətində yaşayırıq. Azərbaycan ordusu artıq güclüdür. Biz gələcəyə inamla irəliləyirik".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər