"20 Yanvar hadisəsi göstərdi ki, bizi sındırmaq, öz amalımızdan döndərmək mümkün deyil"


  • 17:00

"20 Yanvar Azərbaycan tarixinin ən ağrılı, faciəvi günlərindən biridir".

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, 20 Yanvar faciəsi həmin dövrdə Azərbaycanın müstəqil dövlət olmaması ilə əlaqədar baş verib: "Öz azadlığı və suverenliyi uğrunda mübarizə aparan xalqın qarşısında inamlı bir lider yox idi. SSRİ xalqımızın qətiyyətini sındırmaq üçün bizə silah qaldırdı, yüzlərlə insanımızı öldürdü. Məqsəd xalqın gözünü qorxutmaq və Azərbaycanı növbəti dəfə ərazi itkisinə məruz qoymaq idi. Ancaq onlar yanıldılar. Xalqımız sınmadı və qətiyyətli oldu. Azərbaycan xalqı azadlıq uğrunda mübarizə apardı. Bu mübarizə 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatlarında tarixi ədalətin tam bərpa olunmasına gətirib çıxardı. Bu, Azərbaycan xalqının öz torpağına, yurduna bağlılığının gücünü göstərir. Bunu yalnız ulu öndər Heydər Əliyev və cənab prezident İlham Əliyev kimi liderlər edə bilərdi".

A.Mirzəzadə qeyd edib ki, hər il 20 Yanvar günü şəhidlərin xatirəsi dərin ehtiramla yad olunur: "Onların ruhu qarşısında baş əyir, hesabat veririk. Bundan sonra 20 Yanvar hadisələrinin baş verməməsi üçün hər birimiz çalışırıq. Bu faciə ilə bir daha xalqın qətiyyəti yoxlandı. Eyni zamanda 20 Yanvar hadisəsi göstərdi ki, bizi sındırmaq, öz amalımızdan döndərmək mümkün deyil. Bunu SSRİ rəhbərliyi də gördü. Amma kaş 20 Yanvar hadisəsi olmayaydı."

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər