Bakıda bu imtahanlar ilk dəfə elektron qaydada keçiriləcək


  • 13:28

Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar ilk dəfə elektron qaydada keçiriləcək.

Bu barədə e-huquq.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, eksternat imtahanları 31 yanvarda paytaxtdakı bir neçə təhsil müəssisəsində təşkil olunacaq.

Eksternat imtahanlarında iştirak etmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta təhsil səviyyəsini başa vura bilməyən 371 nəfər, tam orta təhsil səviyyəsini başa vura bilməyən 1 126 nəfər olmaqla, ümumilikdə 1 497 şəxs qeydiyyata alınıb.

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Oxşar xəbərlər