- 18:33
"Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra ölkə rəhbərləri və böyük maliyyə resurslarına malik aparıcı beynəlxalq şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlər mühüm əhəmiyyət daşıyır".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, əsas diqqət çəkən məqam ondan ibarətdir ki, bu görüşlərin hər biri qarşı tərəfin təşəbbüsü ilə baş tutub: "Bu fakt özülüyündə Prezident İlham Əliyevin yüksək şəxsi keyfiyyətlərinin, Davosda səsləndirdiyi strateji baxışların və həyata keçirdiyi düşünülmüş siyasətin beynəlxalq səviyyədə böyük maraqla qarşılandığını bir daha təsdiqləyir. cənab Prezidentin regionda sülhün təmin olunmasına verdiyi töhfələr, Orta Dəhliz üzərində yerləşən Azərbaycanın mühüm logistika imkanları, irimiqyaslı nəqliyyat və enerji layihələrinin uğurla icrası, alternativ və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, eləcə də Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı mühüm rol beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın müstəqil siyasət yürütməsi, güclü maliyyə imkanlarına malik olması, etibarlı tərəfdaş kimi üzərinə götürdüyü öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirməsi ölkəmizin nüfuzunu daha da artırır. Keçirilən görüşlərdə bu bir daha öz təsdiqini tapıb".
Deputat bildirib ki, bu gün Azərbaycana beynəlxalq diqqətin artması təsadüfi deyil: "Ölkəmiz zəngin enerji resurslarına malikdir və xüsusilə bərpa olunan enerji sahəsində əməkdaşlıqda maraqlı olan çoxsaylı beynəlxalq şirkətlər mövcuddur. Azərbaycana investisiya yatırmaq istəyən sərmayədarların sayının artması ölkəmizin iqtisadi inkişaf perspektivlərinin daha da möhkəmləndiyini göstərir.
Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsidir və Azərbaycanın beynəlxalq arenada mövqelərinin daha da güclənməsinə xidmət edir".
Şəbnəm Mehdizadə