Davos görüşü: Azərbaycan-ABŞ əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir - DEPUTAT


  • 17:37

Prezident İlham Əliyevin Davosda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş iki ölkə arasında əlaqələrin yenidən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

"Qəzza münaqişəsi ilə bağlı irəli sürülən təşəbbüs çərçivəsində təsis ediləcək Sülh Şurasına Azərbaycanın təsisçi üzv qismində qoşulması ilə bağlı dəvət ABŞ Prezidenti Donald Tramp tərəfindən gəlib. Bu onu göstərir ki, bu proseslərdə şəxsi münasibətlər böyük rol oynayır. Donald Trampla İlham Əliyevin Forum çərçivəsində görüşü bunu dünyaya nümayiş etdirdi. Şəxsi münasibətlər əsasında ABŞ Azərbaycan arasında əlaqələr yenidən strateji tərəfdaşlıq səviyyyəsinə qalxır. Bu tərəfdaşlıq daha da inkişaf edəcək. Zənnimcə, bölgədə həyata keçirilən bir sıra iqtisadi və investisiya layihələrində ABŞ şirkətlərinin böyük rolu olacaq. Davos İqtisadi Forumu çərçivəsində İlham Əliyevin bir sıra tanınmış şirkət rəhbərləri ilə keçirdiyi görüşlər bunu bir daha təsdiq edir", - deyə o bildirib.

Deputat deyib ki, Azərbaycan-ABŞ münasibətlərinin inkişafı bölgəyə sülh, sabitlik və iqtisadi tərəqqi gətirir: "Azərbaycanın strategiyası məhz sülh, sabitlik, tərəfdaşlıq və əməkdaşlıqdan ibarətdir. Bu strategiyada Azərbaycan və ABŞ-nin maraqları üst-üstə düşür. Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında Trampın böyük rolu var. ABŞ sülh prosesində fəal iştirak etməyə hazırdır. Ermənistan Azərbaycanın şərtlərini həyata keçirdikdən sonra iki ölkə arasında sülh sazişi imzalanacaq. Bu da təbii ki, ABŞ-nin maraqlarına uyğundur".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər