Avtomobilin üzərinə çıxan piyada cəzalandırılacaq? - AÇIQLAMA


  • 11:55

Ötən gün Bakıda piyada ilə sürücü arasında baş verən insident geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, piyada keçidinə yaxınlaşan avtomobilin sürücüsü yolu keçən piyadaya qışqıraraq ondan daha sürətli hərəkət etməsini tələb edib və ona təzyiq göstərib. Sürücünün bu davranışına qeyri-adi reaksiya verən piyada isə qaçaraq avtomobilin üzərinə çıxıb.

Hadisə cəmiyyətdə sürücünün, yoxsa piyadanın günahkar olması ilə bağlı fikir ayrılıqlarına yol açıb. Bir qrup insan sürücünün davranışını, digərləri isə piyadanın reaksiyasını qəbuledilməz hesab edir. Bu kimi hallarda tərəfləri hansı hüquqi məsuliyyət və cəzaların gözlədiyi maraq doğurur.

Məsələ ilə bağlı e-huquq.az-a açıqlama verən vəkil Rövşən Rəşidov bildirib ki, hadisənin hüquqi qiymətləndirilməsi bir neçə mühüm amildən asılıdır.

Onun sözlərinə görə, əgər sürücü hadisə zamanı hərəkətdə olmayıbsa, bu halda yalnız avtomobilə dəymiş maddi zərərə görə piyadadan kompensasiya tələb oluna bilər. Eyni zamanda, piyadanın hərəkəti “xırda xuliqanlıq” kimi qiymətləndirilə bilər.

Vəkil qeyd edib ki, piyada hadisə nəticəsində xəsarət aldığını iddia edərək sürücüyə qarşı əsassız tələblər irəli sürərsə, bu halda onun özü dələduzluğa görə məsuliyyət daşıya bilər.

R.Rəşidov vurğulayıb ki, belə hallarda əsas meyar hadisənin başvermə şəraiti, sürücünün hərəkətdə olub-olmaması və tərəflərin davranış formasıdır.

Humay Eminqızı

Oxşar xəbərlər