Zaur Əliyev: "Hüquqşünas tələbələr böyük həvəslə Olimpiadada iştirak edir"


  • 12:27

"Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 2022-ci ildən ərsəyə gətirdiyi bu möhtəşəm layihə, gələcəyin hüquqşünasları üçün nəinki bilik yarışı, həm də peşəkar şəbəkələşmə və hüquqi təfəkkürün inkişafı üçün müstəsna bir platformadır".

E-huquq.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Respublika Hüquq Olimpiadasının açılış mərasiminə deyib.

Onun sözlərinə görə, artıq 3-cü dəfədir ki, təşkil olunan Respublika Hüquq Olimpiadası müasir hüquq təhsilində yeni bir ənənənin əsasını qoyaraq, gənc hüquqşünasların intellektual yarış meydanına çevrilib. Olimpiadanın keçirilməsində əsas məqsəd tələbələrin nəzəri biliklərini praktiki müstəvidə tətbiq etmək bacarıqlarını artırmaq, onlara komanda ruhunu aşılamaq və hüquq elminə olan marağı stimullaşdırmaqdır: "Zəngin dövlətçilik ənənələrimizə sadiqlik nümayiş etdirən Respublika Hüquq Olimpiadaları böyük hörmət və ehtiram əlaməti olaraq hər il may ayının əvvəlində, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. Bu da təbiidir, çünki Ulu Öndərimiz həm də hüquq islahatlarının banisidir. Ulu Öndərimiz hər zaman hüquq təhsilinə və hüquq elminin inkişafına xüsusi önəm verib. Sevindirici haldır ki, bu ənənə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, dövlətimiz tərəfindən hüquq təhsilinin inkişafı, peşəkar hüquqşünas kadrların hazırlanması sahəsində xeyli uğurlu işlər görülüb".

Z.Əliyev bildirib ki, davamlı olaraq keçirilən bu yarışma qısa müddət ərzində respublika səviyyəsində böyük nüfuz və populyarlıq qazanıb: "Hüquqşünas tələbələr böyük həvəslə Olimpiadada iştirak edir, sağlam və ədalətli rəqabət mühitində yarışırlar. Əvvəlki illərə nəzər salsaq, 2024-cü ildə birinci dəfə keçirilən Respublika Hüquq Olimpiadası ölkəmizin hüquq təhsili tarixində bir ilkə imza atdı. Respublikada ilk dəfə keçirilən bu olimpiada Heydər Əliyev Fondunun təsis olunmasının 20 illik yubileyinə həsr olundu və Fondun dəstəyi ilə uğurla keçirildi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun təhsilin və gənclərin inkişafına verdiyi töhfələr əvəzedilməzdir və xüsusi qeyd edilməlidir. Mən bir daha Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm. Bu uğurlu başlanğıcın ardınca, 2025-ci ildə reallaşan ikinci Olimpiada Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə və "Konstitusiya və Suverenlik İli"nə həsr olundu. Nəhayət bu gün açılışını etdiyimiz 3-cü Hüquq Olimpiadası Ulu Öndərimizin 103 illiyinə həsr olunub. Qeyd etmək istəyirəm ki, həm ötənilki, həm də builki Olimpiada Azərbaycan Respublikasının Baş prokuroru, hüquq elmləri üzrə fəlsəfə doktoru Kamran Əliyevin dəstəyi ilə keçirilir. Göstərilən dəstəyə görə cənab Baş prokurora təşəkkürümü bildirirəm".

Hüquq fakültəsinin dekanı deyib ki, builki Olimpiada bir neçə mühüm yeniliyi ilə seçilir. İlk dəfə olaraq komanda sayı artırılaraq 9-a çatdırılıb: "Respublikamızın hüquq fakültəsi və hüquqşünaslıq ixtisası mövcud olan bütün ali təhsil müəssisələri Olimpiadada iştirak edir – Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Qarabağ Universiteti, Naxçıvan Dövlət Universiteti, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Polis Akademiyası, Gömrük Akademiyası. Olimpiadada iştirak edən bütün ali təhsil müəssisələrinə təşəkkürümü bildirirəm. Fəxarət hissi ilə qeyd edirik ki, artıq ikinci ildir ki, Qarabağ Universiteti də Olimpiadada iştirak edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası hüquq təhsili sahəsinə də öz müsbət təsirini göstərdi. Qədim və əzəli diyarımız olan Xankəndi şəhərində qurulan Qarabağ Universitetində tələbələrin hüquqşünaslıq ixtisası üzrə təhsil alması və belə yarışmalarda fəal iştirak etməsi bizi ürəkdən sevindirir".

Z.Əliyevin sözlərinə görə, builki Olimpiadanın daha bir mühüm yeniliyi isə yarışmanın xüsusi hazırlanmış platforma üzərindən həyata keçirilməsidir ki, bu da layihənin rəqəmsal transformasiyaya və müasir texnologiyaların hüquq təhsilinə inteqrasiyasına verdiyi önəmin bariz göstəricisidir: "Respublika Hüquq Olimpiadası Ulu Öndər Heydər Əliyevin irsinə ehtiram nümayiş etdirməklə yanaşı, Azərbaycanın hüquq təhsilində müasir texnologiyaların və interaktiv metodların tətbiqi üçün mühüm platformadır. Bu strategiya gələcək hüquqşünasların həm nəzəri, həm də praktik hazırlığını yeni səviyyəyə qaldırmağı hədəfləyir. Olimpiadanın keçirilməsinə dəstək olan, dəvətimizi qəbul edib açılış mərasiminə gələn bütün orqan və təşkilatlara, onların nümayəndələrinə - Baş prokurorluq, o cümlədən Olimpiadaya ikinci ildir ki ev sahibliyi edən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası, Milli Məclis, Mədəniyyət Nazirliyi, Vəkillər Kollegiyası, “De Fendo”, “Mirzəyev və partnyorları” vəkil büroları, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, EKVİTA hüquq şirkəti, Hüquq və İnsan Haqları İnstitutu, eləcə də münsiflər heyətinə və KİV nümayəndələrinə təşəkkürümü bildirirəm. Həmçinin, Olimpiadanın təşkilat komitəsinə, Hüquq fakültəsinin Tələbə Gənclər və Həmkarlar təşkilatlarının üzvlərinə, professor-müəllim heyətinə, tələbələrə, Olimpiadanın təşkilində zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Əminəm ki, ötən illərdə olduğu kimi bu dəfə də ədalətli, şəffaf və obyektiv hüquq yarışının şahidi olacağıq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər