- 13:11
Elm və təhsil naziri Emin Əmrullayev şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadəsinə qoyulan qadağa ilə bağlı Elm və Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarı şərh edib.
E-uquq.az-ın məlumatına görə, nazir "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, dərs zamanı şagirdlərin mobil telefondan danışmaq, oyun oynamaq və ya digər məqsədlərlə istifadə etməsi təlim prosesinə mənfi təsir göstərir.
E. Əmrullayev qeyd edib ki, bu səbəbdən mobil və elektron cihazlardan istifadə məsələsində vahid qaydaların tətbiqinə ehtiyac var:
"Şagirdlərin məktəbə telefon gətirməsi qadağan edilmir. Lakin dərs müddətində telefonlardan istifadə yolverilməzdir və onlar müəyyən edilmiş qaydalara uyğun saxlanılmalıdır. Yalnız fövqəladə və ya təxirəsalınmaz hallarda istisnalar mümkündür. Məqsəd telefonların məktəbə gətirilməsinin qarşısını almaq deyil, dərs vaxtı onlardan istifadənin tədris prosesinə mane olmasının qarşısını almaqdır".
Qeyd edək ki, müvafiq qərarla "Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib. Qərara əsasən, təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağan edilib.