Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üzrə hüquqi məsələlər


  • 12:57

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən, sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur.

Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VIQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən, "Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır.

29 iyun 2022-ci il tarixindən inzibati orqan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanması yaşı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan (72-yə bölünməklə) pensiyanın yenidən hesablanması barədə qərarlarını bir müddət sonra, bir ilədək müddət ərzində, həm də bir ildən sonrakı müddətdən sonra ləğv etdilər. Həmin qərarlar məhkəmə qaydasında mübahisələndirildi.

Sonradan ümumiyyətlə vətəndaşlar pensiyaların yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılması barədə qərarlarını mübahisələndirdilər. Məhkəmə qərarları, mənim iştirakçısı və məlumatlı olduğum əksər işlər üzrə, 29 iyun 2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanması yaşı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan (72-yə bölünməklə) pensiya kapitalının "(144−72)=72" düsturuna uyğun pensiyanın yenidən hesablanması barədə qərarlar qəbul etdilər.

Ali Məhkəmənin İnzibati Kollegiyasının 10 aprel 2026-cı il tarixli qərardadından sonra iddiaçıların əksəriyyətində yenidən hesablama barədə iddia tələbinin böyük ehtimalla uğurlu olmaması qənaəti formalaşmışdır. Lakin "Əmək pensiyaları haqqında" Qanunun və "İnzibati icraat haqqında" Qanunun müddəaları dəyişilməmişdir və gözlənilməlidir.

İnzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və prosedurlar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə "Əmək pensiyaları haqqında" Qanunun və "İnzibati icraat haqqında" Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də inzibati orqan özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur.

"İnzibati icraat haqqında" Qanun təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır.

İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərarın qəbul edilməsidir. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində göstərilən şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.

Ali Məhkəmənin İnzibati Kollegiyasının 10 aprel 2026-cı il tarixli qərardadını nəzərdən keçirək:

1. "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 2022-ci il 29 iyun tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya onların əmək pensiyasının yenidən hesablanması zamanı həmin Qanunun 45-ci maddəsinin 2017-ci il 1 iyul tarixindən 2022-ci il 29 iyun tarixinədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalıdır.

2. Hüquqi müəyyənliyi və məhkəmə aktlarının sabitliyini təmin etmək üçün qanunvericiliyin tətbiqinə dair müəyyən edilmiş yeni hüquqi mövqelər bu Qərardadın qəbul edildiyi tarixdən sonra məhkəmələrə verilən yeni iddia ərizələrinə, habelə bu Qərardadın qəbul edildiyi tarixədək verilmiş, lakin birinci instansiya məhkəmələrində icraatı yekunlaşdırılmamış iddia ərizələrinə münasibətdə tətbiq edilməlidir.

3. Apellyasiya və ya kassasiya məhkəməsinin icraatında olan işlər üzrə əgər şikayət verilmiş məhkəmə aktları qanunvericiliyin tətbiqinə dair əvvəlki hüquqi mövqelərə uyğun çıxarılmışlarsa, yalnız yeni müəyyən edilmiş hüquqi mövqelərə istinadla məhkəmə aktları ləğv olunmamalı, yaxud dəyişdirilməməlidir. Yeni hüquqi mövqelərə istinadla məhkəmə aktının qanuniliyinə qiymət verilməsi bu Qərardadın qəbul edildiyi tarixdən sonra birinci instansiya məhkəmələri tərəfindən yekunlaşdırılmış işlər üzrə veriləcək apellyasiya və ya kassasiya şikayətlərinə münasibətdə tətbiq edilməlidir.

Hesab edirəm ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 10 aprel 2026-cı il tarixli qərardadı düzgün tətbiq edilməlidir.

Güzəştli şərtlərlə yaşa görə pensiya bir illik deyil, ömürlük təyin edilir. Pensiya təyinatı aparılarkən, həm də pensiya yenidən hesablanarkən hər il pensiyaçının yaşı dəyişir, pensiyaçı eyni yaşda qalmır. Gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı, pensiyanın yenidən hesablanması yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmalı olduğu halda belə, hər il 12 ay azaldılmalıdır. Əgər 58 yaşdan güzəştli şərtlərlə yenidən hesablanma barədə qərar qəbul edilərsə, Ali Məhkəmənin İnzibati Kollegiyasının 10 aprel 2026-cı il tarixli aşağıdakı qərardadı ilə müəyyən edilmiş qaydada "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ 2022-ci il 29 iyun tarixindən əvvəl yaranmış şəxslərə pensiya təyinatı və ya onların əmək pensiyasının yenidən hesablanması zamanı həmin Qanunun 45-ci maddəsinin 2017-ci il 1 iyul tarixindən 2022-ci il 29 iyun tarixinədək qüvvədə olmuş ikinci cümləsi tətbiq edilməli, bu zaman gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırıldıqda hər il 12 ay azaldılmalıdır.

Əgər pensiyaçının yaşı 26 may 2024-cü il tarixdə 58 yaşdırsa, yenidən hesablanma aşağıdakı qaydada aparılmalıdır:

26 may 2024-cü il tarixindən 26 may 2025-ci il tarixinədək 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (65 il-58 il=84 ay+(144 ay-72 ay) , 26 may 2025-cü il tarixindən 26 may 2026-ci il tarixinədək 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 144 aya (65 il-59 il=72 ay+(144 ay-72 ay), 26 may 2026-cü il tarixindən 26 may 2027-ci il tarixinədək 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 132 aya (65 il-60 il=60 ay+(144 ay-72 ay), 26 may 2026-cü il tarixindən 26 may 2027-ci il tarixinədək 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 120 aya (65 il-61 il=48 ay+(144 ay-72 ay), 26 may 2027-cı il tarixindən 26 may 2028-ci il tarixinədək 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 108 aya (65 il-62 il=36 ay+(144 ay-72 ay), 26 may 2028-cı il tarixindən 26 may 2029-ci il tarixinədək 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 96 aya (65 il-63 il=24 ay+(144 ay-72 ay), 26 may 2029-cı il tarixindən 26 may 2030-ci il tarixinədək 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 84 aya (65 il-64 il=12 ay+(144 ay-72 ay), 26 may 2030-cı il tarixindən 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 72 aya (65 il-65 il=0 ay+(144 ay-72 ay) bölünməklə yenidən hesablanmalıdır.

Mircəlal Fətullayev

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər