Əli Hüseynli Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsindəki dəyişiklikləri şərh etdi


  • 14:59

"Son illərdə iqtisadi fəaliyyət sahəsində bir sıra cinayət əməllərinin dekriminallaşdırılması istiqamətində addımlar atılıb".

E-huquq.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Ə.Hüseynli qeyd edib ki, layihəyə əsasən iqtisadi fəaliyyət sahəsində bəzi cinayətlərin tənzimlənməsində yumşalmalar nəzərdə tutulur.

Onun sözlərinə görə, cinayət nəticəsində vurulmuş ziyan tam ödənildiyi halda, əlavə olaraq əldə edilmiş gəlirin artıq bir misli deyil, 50 faizi həcmində dövlət büdcəsinə ödəniş edildikdə şəxs cinayət məsuliyyətindən tam azad olunacaq.

Deputat bildirib ki, hazırkı qanunvericiliyə əsasən ziyanın ödənilməsi ilə yanaşı, bir misli həcmində ödəniş tələb olunurdu, yeni yanaşma isə bu məbləğin yarıya endirilməsini nəzərdə tutur.

Komitə sədri bu dəyişikliyi iqtisadi fəaliyyət sahəsində törədilən pozuntulara daha humanist yanaşma kimi qiymətləndirib.

"Eyni zamanda layihəyə əsasən nəzərdə tutulub ki, bir sıra yeni əməllər də yalançı sahibkarlıq hesab olunacaq. Söhbət Cinayət Məcəlləsinin 193-cü maddəsinin dizpozisiyasının genişləndirilməsindən gedir. Müqayisəli arayışda təqdim olunub. Qanunsuz olaraq kredit alma, rüsumlardan azad olma və s. bir sıra əməllər də bundan sonra yalançı sahibkarlıq hesab olunacaq", - o qeyd edib.

Ə.Hüseynli deyib ki, bundan başqa, Cinayət Məcəlləsinin 208-ci maddəsinin (xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) ləğvi təklif olunur: "Son dövrlər bir sıra sahibkarlar bu məsələ ilə bağlı çoxlu müraciətlər edir. Çünki bu əsas etibarilə xarici iqtisadi fəaliyyəti həyata keçirilən sahibkarlara aiddir. Yəni mal göndərirlər və sonradan bunun müqabilində pul qayıtmalıdır. Bizim qanunvericiliyə görə müvəkkil edilmiş bankın hesabına o pul qayıtmalıdır. Amma digər ölkələrin bəzən qanunvericilikləri fərqli olduğu üçün onu zamanında qaytarmaq mümkün olmur. Bu zaman o cinayət məsuliyyəti ilə üzləşməli olur. O baxımdan hesab edirəm ki, bu da çox humanist addımdır.. Bu əməl İnzibati Xətalar Məcəlləsində inzibati xəta kimi qalacaq. Yəni Cinayət Məcəlləsindən çıxarılır, cinayət təqibi olmayacaq".

Deputat bildirib ki, qanun layihəsində həmçinin Cinayət Məcəlləsinin 244-cü maddəsi (qumar oyunlarının təşkili və keçirilməsi) ilə bağlı dəyişikliklər də yer alır. Təklifə əsasən, qumar oyunlarının təkcə real məkanda deyil, həm də internet, mobil şəbəkələr və sosial platformalar vasitəsilə təşkili və keçirilməsi cinayət məsuliyyəti yaradacaq. Eyni zamanda, sanksiyaların dəqiqləşdirilməsi və cinayət nəticəsində əldə olunan gəlirin iki misli miqdarında cərimə tətbiqi nəzərdə tutulur.

Ə.Hüseynli bildirib ki, bundan əlavə, qumar oyunlarının təşkili və ya keçirilməsi zamanı yetkinlik yaşına çatmayanların iştirakı hallarında cəzanın sərtləşdirilməsi də təklif olunur.

Komitə sədri bu məsələnin xüsusilə həssas olduğunu vurğulayaraq, uşaqların və yeniyetmələrin qorunmasının vacibliyini qeyd edib.

Oxşar xəbərlər