DİN: Uşaqların rəqəmsal təhlükəsizliyi hər birimizin məsuliyyətidir


  • 18:41

Sosial şəbəkələr uşaqlar üçün həm öyrənmək, həm də ünsiyyət qurmaq baxımından geniş imkanlar yaratsa da, bu mühit ciddi kibertəhlükələrlə də müşayiət olunur.

E-huquq.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, yetkinlik yaşına çatmayan istifadəçilər kiberdələduzluq, kiberbullinq, onlayn istismar, zərərli məzmun və şəxsi məlumatların oğurlanması kimi risklərlə daha çox üzləşirlər. Bu baxımdan sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi ilə yanaşı, valideyn nəzarətinin gücləndirilməsi, effektiv kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və uşaqların rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirilməsi onların onlayn mühitdə daha etibarlı qorunmasına xidmət edir.

İnternetdə atılan hər addım gələcəkdə müxtəlif nəticələr doğura bilər. Yetkinlik yaşına çatmayanlar düşünmədən şəxsi məlumatlarını naməlum şəxslərlə paylaşdıqda kiberdələduzların və digər cinayətkarların hədəfinə çevrilə bilərlər. Paylaşılan fotoşəkillər, videolar və şəxsi məlumatlar sonradan onların təhlükəsizliyi, nüfuzu, psixoloji vəziyyəti və gələcək həyatı üçün ciddi risklər yarada bilər.

Uşaqların saxta məzmunlar, oyun əlavələri, fişinq keçidləri və saxta sosial şəbəkə profilləri vasitəsilə aldadılması kibercinayətkarların ən çox istifadə etdiyi üsullardandır. Bundan əlavə, bəzi şəxslər özlərini yaşıd kimi təqdim edərək uşaqlarla əlaqə yaradır, onların etibarını qazanır və sonradan manipulyasiya edərək onlayn istismar məqsədlərinə nail olmağa çalışırlar.

Məktəb, yaşayış ünvanı, telefon nömrəsi, ailə üzvlərinə aid fotoşəkillər, geolokasiya məlumatları və digər şəxsi informasiyaların paylaşılması şəxsi məlumatların oğurlanması, şantaj, kiberbullinq və digər cinayət əməlləri üçün zəmin yarada bilər. Uşaqlar bilməlidirlər ki, internetdə tanımadıqları şəxslərlə şəxsi məlumat mübadiləsi aparmaq, naməlum keçidlərə daxil olmaq və şübhəli təkliflərə inanmaq təhlükəli nəticələrə səbəb ola bilər.

Valideynlər övladlarının internet fəaliyyətinə nəzarət etməli, onlarla rəqəmsal təhlükəsizlik mövzusunda açıq ünsiyyət qurmalı və təhlükəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermələrinin vacibliyini izah etməlidirlər. Rəqəmsal təhlükəsizlik yalnız texniki məsələ deyil, eyni zamanda maarifləndirmə, düzgün davranış və birgə məsuliyyət tələb edən mühüm bir istiqamətdir.

Oxşar xəbərlər