- 11:51
Bu gün Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirib.
E-huquq.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İmtahan kompüterlər vasitəsilə elektron formada aparılıb.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 13 – 15 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
***
11:29
İyulun 12-də Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirir.
E-huquq.az xəbər verir ki, imtahanda namizədlərə icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqları üzrə hər sual 0.5 balla qiymətləndiriləcək, keçid balı isə 55-dir.
İmtahanda Bakı və regionlardan 523, Naxçıvan Muxtar Respublikasında isə 104 namizəd iştirak edir.
Namizədlər test imtahanını yekunlaşdırdıqdan sonra topladıqları balla tanış olmaq imkanı əldə edəcəklər.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən, habelə həmin imtahandan azad olunmuş və müsahibədə iştirak etmək istəyən şəxslər “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində, saat 9:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.
Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.
***
Bu gün dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün elan olunmuş müsabiqədə qeydiyyatdan keçmiş namizədlərlə test imtahanı keçiriləcək.
Bu barədə e-huquq.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir.
İmtahan DİM-in Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq.
Namizədlərə dövlət icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, ünsiyyət bacarıqlarını və dünyagörüşünü müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanında mümkün 80 baldan 55 və daha artıq bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.