- 11:29
Ötən il Prezidentin qanunvericilik təşəbbüsü qaydasında məhkəmə qərarlarının icrası sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində qanunvericiliyə mühüm dəyişikliklər edilib. Dəyişikliklər çərçivəsində icra məmuru vəzifəsinə qəbulla bağlı yeni qaydalar qəbul olunub və hüquqşünas ixtisası ilə yanaşı, digər ixtisaslara malik şəxslərin də bu vəzifəyə qəbuluna imkan yaradılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə nazirinin müşaviri, Müsabiqə Komissiyasının sədri Seyfəlpaşa Əliyev jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, hazırda yeni qaydalar əsasında icra məmuru vəzifəsinə qəbul üzrə test imtahanı keçirilir və prosesə maraq kifayət qədər yüksəkdir.
S.Əliyev bildirib ki, Bakı şəhəri və regionlar üzrə ümumilikdə 523 namizəd, Naxçıvan Muxtar Respublikasında isə 104 namizəd icra məmuru vəzifəsinə qəbul məqsədilə test imtahanında iştirak edir.
Nazirlik rəsmisi qeyd edib ki, yeni qaydalarla keçirilən qəbul prosesinə göstərilən yüksək marağın göstəricilərindən biri də müraciət edənlərin 90 faizdən çoxunun hüquqşünas olmayan ixtisasların nümayəndələri olmasıdır. Onun sözlərinə görə, namizədlər həm Azərbaycanın, həm də xarici dövlətlərin nüfuzlu ali təhsil müəssisələrinin məzunlarıdır.
S.Əliyev vurğulayıb ki, test imtahanını uğurla keçən namizədlər söhbət mərhələsinə buraxılacaq. Bu mərhələni də uğurla başa vuran şəxslər ən azı üç ay davam edəcək xüsusi icbari təlim proqramında iştirak edəcəklər.
O əlavə edib ki, Ədliyyə Nazirliyi tərəfindən həmin xüsusi təlim proqramının hazırlanması prosesi artıq tamamlanıb. Bildirilib ki, proqramın hazırlanmasına yerli və beynəlxalq mütəxəssislər cəlb olunub və müasir tələblərə cavab verən təkmil təlim proqramı hazırlanıb.
Nazir müşavirinin sözlərinə görə, təlim proqramını və onun yekun qiymətləndirilməsini uğurla başa vuran namizədlər icra məmuru vəzifəsinə təyin ediləcəklər.
S.Əliyev bildirib ki, yeni qaydaların tətbiqi nəticəsində həm Bakı şəhərində, həm də regionlarda icra məmuru vəzifələri üzrə mövcud vakant yerlərin komplektləşdirilməsinə nail olunacaq. Onun sözlərinə görə, dövlət icra məmuru vəzifəsi də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyacaq.
Humay Əliyeva