- 14:37
Elə insanlar var ki, onların həyatı bir dövrün deyil, iki fərqli zamanın, iki fərqli dünyanın qovşağından keçir. İki yüzilliyin astanasında, iki minilliyin sərhədində yaşamış hər bir insan tarixin zərrəcikləridir. Xüsusilə iki ictimai-iqtisadi formasiyanın – sovet sisteminin və müstəqillik dövrünün qovşağında yaşayan insanlar dəyişən dəyərlərin, sınaqların, ümidlərin və yenilənmənin canlı salnaməsinə çevriliblər. Onların taleyi bir dövrün sonunu, digərinin isə başlanğıcını özündə birləşdirən körpü kimidir. Bu körpünün hər daşında zamanın nəfəsi, hər izində isə tarixə çevrilmiş insan ömrünün mənası yaşayır.
Haqqında söhbət açacağım təqaüddə olan baş ədliyyə müşaviri Faiq Rzayev də məhz belə taleli ziyalılarımızdandır. Onun ömür yolu təkcə bir insanın həyat salnaməsi deyil, həm də bütöv bir dövrün ictimai-siyasi və mənəvi mənzərəsini özündə əks etdirən canlı tarixdir.
Faiq müəllim şərəfli ömrünün 80-ci baharına qədəm qoyur.
14 iyul 1946-cı ildə Gəncə şəhərində zəhmətkeş – dəmiryolçu ailəsində dünyaya göz açan Faiq müəllimin atası Musa kişi sadə peşə sahibi olsa da, şərəfli ömür yaşamış, övladlarının təhsilinə və tərbiyəsinə böyük önəm vermiş, fədakar əməyi sayəsində altı övladının hər birinin ali təhsil almasına nail olmuşdur. Bu ailə mühiti onda elmə, zəhmətə və vətənə sədaqət kimi ali dəyərlərin formalaşmasında mühüm rol oynamışdır.
Faiq Rzayev 1965-ci ildə Gəncə şəhərində orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmış, 1968-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra təhsilini davam etdirmək qərarına gəlmiş, həmin il Rusiya Federasiyasının Sverdlovsk Hüquq İnstitutuna qəbul olunmuş, 1973-cü ildə bu nüfuzlu ali təhsil ocağını müvəffəqiyyətlə başa vuraraq hüquqşünas ixtisasına yiyələnmişdir. Bununla da onun gələcək peşə fəaliyyətinin möhkəm təməli qoyulmuşdur.
Təyinatla prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Qazaxıstan SSR-in Şimali Qazaxıstan vilayətinin Petropavlovsk şəhər prokurorluğunda stajor müstəntiq vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
1973-cü ilin sentyabr ayının 1-dən Büzgül rayon prokurorluğunun müstəntiqi, 1974-cü il martın 13-dən isə Bulayev rayon prokurorunun köməkçisi vəzifəsində çalışaraq hüquq-mühafizə orqanlarında peşəkar fəaliyyətinin ilk uğurlu mərhələsini keçmişdir.
Lakin doğma Vətəndən uzaqda yaşamaq onun üçün heç də asan olmamışdı. Yaşlı valideynlərinin qayğısını çəkmək arzusu ilə dəfələrlə Azərbaycana köçürülərək xidmətini burada davam etdirmək üçün müraciət etsə də, buna nail olmamışdır. Bununla belə, ümidini itirməmiş, israrla məqsədinə doğru addımlamışdır.
Nəhayət, o dövrdə Azərbaycan SSR-ə rəhbərlik edən Heydər Əliyevə etdiyi müraciət cavabsız qalmamışdır. Cəmi on gün sonra Faiq müəllimi həmin dövrdə Azərbaycan SSR prokuroru Abbas Zamanov şəxsən qəbul etmişdir. Onun təşəbbüsü ilə 25 oktyabr 1976-cı ildə Naxçıvan MSSR prokurorunun köməkçisi vəzifəsinə təyin olunmuşdur. Bu təyinat onun təkcə doğma yurda qayıdışı deyil, həm də gələcək uğurlu prokurorluq fəaliyyətinin Azərbaycanda davam etdirməsinin başlanğıcı olmuşdur.
Naxçıvan MSSR prokurorluğunda fəaliyyət göstərdiyi dövrdə daxili işlər orqanlarında qanunların icra vəziyyətinə prokuror nəzarətinin həyata keçirilməsi vəzifəsi ona həvalə olunmuşdu. Eyni zamanda, muxtar respublikadan SSRİ-nin mərkəzi orqanlarına – Moskvaya göndərilməsi nəzərdə tutulan, yüksək hüquqi dəqiqlik və mükəmməl rus dili tələb edən rəsmi sənədlərin hazırlanması da Faiq müəllimə etibar edilirdi. Bu məsuliyyətli vəzifələrin öhdəsindən peşəkarlıqla gəlməsi rəhbərliyin ona olan inamını daha da möhkəmləndirmişdi.
Faiq müəllimin səmərəli fəaliyyəti diqqətdən kənarda qalmadı. Azərbaycan SSR prokuroru Abbas Zamanovun 21 iyun 1977-ci il tarixli əmri ilə Bakı şəhər Prokurorunun ümumi nəzarət üzrə köməkçi vəzifəsinə təyin olundu. Bu təyinat paytaxtın ən mühüm prokurorluq strukturlarından birində fəaliyyət göstərməyinə və peşəkar təcrübəni daha da zənginləşdirməyə geniş imkan yaratdı.
12 noyabr 1979-cu il tarixdə isə Faiq müəllimin xidmətində növbəti mühüm yüksəliş baş verdi və Azərbaycan SSR Prokurorluğunun Ümumi Nəzarət Şöbəsinin prokuroru vəzifəsinə irəli çəkildi. Bu vəzifədə Faiq müəllim hüququn aliliyinin təmin olunması, qanunçuluğun möhkəmləndirilməsi və dövlət intizamına nəzarətin həyata keçirilməsi istiqamətində məsuliyyətli fəaliyyət göstərmişdir.
21 iyul 1987-ci il tarixdə Abşeron rayon prokurorunun müavini vəzifəsinə təyin olunmağı onun artıq peşəkar fəaliyyətinə verilən yüksək qiymətin növbəti ifadəsi idi. Həmin dövrdə Abşeron rayonu xüsusi strateji əhəmiyyət daşıyırdı. Rayon Bakı şəhərinin ərzaq təminatında əsas yük daşıyıcısı olmaqla, kənd təsərrüfatı və istehsal potensialı ilə paytaxtın sosial-iqtisadi həyatında mühüm rol oynayan inzibati ərazi vahidi idi. Belə bir rayonda prokurorluğun rəhbər heyətində təmsil olunmaq yüksək peşəkarlıq, prinsipiallıq və böyük məsuliyyət tələb edirdi. Faiq müəllim bu etimadı ləyaqətlə doğruldaraq qanunun aliliyinin təmin olunmasına öz töhfəsini vermişdir.
Abşeron rayon prokurorluğunda 13 ilə yaxın səmərəli fəaliyyət göstərərək 1995-ci ilin avqust ayınadək bu vəzifəni ləyaqətlə icra edən Faiq müəllimin 10 avqust 1995-ci il tarixdən Sumqayıt şəhər prokurorunun müavini vəzifəsinə təyin olunması hüquq-mühafizə orqanlarında davam edən peşəkar yüksəlişinin növbəti mərhələsi olmuşdur.
Qısa müddət sonra, 26 dekabr 1996-cı il tarixdən Faiq Rzayev Əli Bayramlı (indiki Şirvan) şəhər prokuroru vəzifəsinə irəli çəkilmişdir. Bu təyinat onun təşkilatçılıq bacarığı, prinsipial mövqeyini və qanunçuluğun təmin olunmasında göstərdiyi ardıcıl fəaliyyətin nəticəsi idi.
O, 29 yanvar 1999-cu il tarixdən Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon prokuroru vəzifəsində çalışmış, 23 iyun 2001-ci il tarixdən etibarən isə Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin olunaraq paytaxtın ən mühüm inzibati rayonlarından birində hüquq-mühafizə işinə rəhbərlik etmişdir.
15 iyul 2006-cı il tarixdə qulluqda olmanın yaş həddinə çatmasına görə tutduğu vəzifədən azad edilərək prokurorluq orqanlarından xaric olunmuşdur. Lakin illərlə formalaşdırdığı nüfuz, peşəkarlıq və insanlara münasibətdə göstərdiyi ədalət və səmimiyyət onu cəmiyyətdə hörmətli bir hüquqşünas kimi tanıtmışdır.
Xidmət etdiyi illər ərzində yalnız qanunçuluğun təmin olunmasına deyil, eyni zamanda yeni kadrların yetişdirilməsinə də xüsusi diqqət yetirmişdir. Bir çox gənc hüquqşünasın formalaşmasında onun bilik və təcrübəsi mühüm rol oynamışdır. Çalışdığı bütün rayonlarda həm kollektivin, həm də ictimaiyyətin dərin hörmətini qazanmış, ədalətli və tələbkar rəhbər kimi tanınmışdır.
Onun tabeliyində çalışmış əməkdaşlardan biri xatırlayır ki, Şirvan şəhər prokuroru vəzifəsindən ayrıldıqdan təxminən bir il sonra həmin şəhərdə keçirilən hüzn mərasimində iştirak üçün yenidən ora getməsi insanlarla olan mənəvi bağlılığının, xidmət etdiyi yerlərə olan sədaqətinin və insanlara hörmətlə yanaşma prinsipinin bariz nümunəsi kimi yadda qalmışdır. Çalışdığı kollektivlərdə daim onun diqqət və qayğısı hiss olunmuş, onların sosial-məişət problemlərinə biganə qalmaması, çətinliklərlə üzləşən əməkdaşlara göstərilən dəstək rəhbərlik mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmişdi.
Onun təşkilatçılıq bacarığının nəticəsi kimi, xüsusilə 2006-cı ildə Binəqədi rayonunda qeydə alınmış iyirmi beş ölüm hadisəsinin qısa müddətdə isti izlərlə açılması hüquq-mühafizə orqanlarının fəaliyyətində mühüm göstərici kimi qiymətləndirilmişdir. Bu münasibətlə Faiq müəllim “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif olunmuş, fəaliyyəti yüksək dəyərləndirilmişdir. Ümumilikdə, bir çox mürəkkəb və bağlı cinayətlərin açılmasında onun təşkilatçılıq qabiliyyəti, prinsipiallığı və peşəkar yanaşması həlledici rol oynamışdır.
Xüsusilə yadda qalan hadisələrdən biri 2003-cü ildə Bakı şəhərində baş vermiş ağır cinayət hadisəsi olmuşdur. Dörd nəfər şəxs bir nəfər sürücünü xüsusi amansızlıqla qətlə yetirmiş və bu cinayət işiylə bağlı mürəkkəb vəziyyətin araşdırılmasında ilkin mərhələdə ciddi sübutlar əldə olunmamışdı. Lakin hadisə yerinə baxışın diqqətlə və peşəkar şəkildə aparılması nəticəsində mühüm maddi sübut aşkarlanmış, aparılan ekspertiza isə təqsirləndirilən şəxslərin cinayətdə iştirakını sübuta yetirən əsas dəlillərdən birinə çevrilmişdir. Bu işin açılması onun istintaqa yanaşmada dəqiqlik, diqqət və tələbkarlıq prinsipinin bariz nümunəsi kimi yadda qalmışdır.
Faiq müəllimi şərəfli yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ömrünün böyük bir hissəsini hüquq-mühafizə orqanlarında qanunçuluğun möhkəmləndirilməsinə, ədalətin bərqərar olunmasına və gənc kadrların formalaşmasına həsr etməsi onu cəmiyyətimizdə nüfuzlu və hörmətli bir ziyalı kimi tanıtmışdır. Şərəfli xidmət yolu, qazandığı hörmət və topladığı zəngin təcrübə bu gün də yeni nəsillər üçün örnək edən bir həyat məktəbidir.
Faiq müəllimə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcəkdə eyni hörmət və ehtiramın davamını arzulayıram.
Ələmdar Məmmədov
Təqaüddə olan baş ədliyyə müşaviri