Britaniya kiberdələduzluqda şübhəli bilinən Pakistan vətəndaşını Azərbaycana təhvil verəcək


  • 10:20

Beynəlxalq axtarışda olan şəxs Böyük Britaniyadan Azərbaycana ekstradisiya olunacaq.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluq tərəfindən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Pakistan vətəndaşı Qasım Sohail Mohammad oğlunun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Belə ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Qasım Sohail Mohammad oğlunun elektron informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici bankların müştərilərinə məxsus hesablardan pul vəsaitlərini qanunsuz ələ keçirməsi, həmin vəsaitlər hesabına Bakı şəhərində fəaliyyət göstərən mağazalardan onlayn qaydada müxtəlif məhsullar əldə etməsi, sonradan bu malları səyyar qaydada sataraq pul vəsaitini nağdlaşdırması, eləcə də digər qanunsuz əməllər törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında onun barəsində Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Birləşmiş Krallıq ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.

Oxşar xəbərlər