- 16:34
İyulun 13-də Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA), Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, “Dentons” Bakı ofisinin və “Caspian Legal Center”in maliyyə tərəfdaşlığı, “PAŞA Bank” ASC, “Legis Hüquq Forumu”, Bakı Arbitraj Mərkəzi, “KPMG Law Azərbaycan”, “PwC Azərbaycan” və “Legalize” hüquq şirkətlərinin akademik tərəfdaşlığı, həmçinin “Sirab”, “Almond Cake and Bakery” və “Berg Tea”nin qida və içki tərəfdaşlığı ilə ELSA Azərbaycanın təşkilatçılığı əsasında Bakı şəhərində “Biznes hüququ” mövzusunda 10-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılış mərasimi keçirilib.
E-huquq.az xəbər verir ki, bu il ELSA Azərbaycanın fəaliyyətinin 15 illiyi və Beynəlxalq Yay Hüquq Məktəbinin 10-cu yubileyi kimi iki əlamətdar mərhələnin qeyd olunduğu xüsusi bir ilə təsadüf edir.
Artıq 10-cu dəfə təşkil olunan Beynəlxalq Yay Hüquq Məktəbi ELSA Azərbaycanın ənənəvi və ən uğurlu akademik layihələrindən biri olaraq hüquq təhsili alan tələbələrin peşəkar inkişafına töhfə verməyə davam edir.
Layihənin 10-cu yubiley buraxılışı münasibətilə proqram çərçivəsində iştirakçılar üçün xüsusi akademik sessiyalar, yubiley tədbirləri və zəngin sosial fəaliyyətlər nəzərdə tutulub.
7 saylı Bakı “ASAN xidmət” mərkəzində təşkil olunan açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Tədbirdə Bakı Arbitraj Mərkəzinin Idarə Heyətinin prezidenti, International Chamber of Commerce Beynəlxalq Arbitraj Məhkəməsinin üzvü, beynəlxalq arbitr, Prof. Dr. Kəmalə Mehtiyeva, “Legalize” Hüquq Şirkətinin həmtəsisçisi, beynəlxalq arbitraj üzrə arbitr Ruslan Bayramov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli çıxış edərək layihənin hüquq təhsili alan tələbələrin peşəkar inkişafına verdiyi töhfədən, beynəlxalq əməkdaşlığın əhəmiyyətindən və hüquq sahəsində bilik mübadiləsinin rolundan bəhs ediblər.
Layihənin təşkilat komitəsinin rəhbəri Əli Səfərəliyev layihənin tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb və dəstək göstərən bütün tərəfdaş və sponsor qurumlara təşəkkürünü bildirib.
Son olaraq qeyd edək ki, 10-cu Beynəlxalq Yay Hüquq Məktəbi çərçivəsində iyulun 19-na kimi keçiriləcək silsilə təlimlərdə Böyük Britaniya, Almaniya, Avstriya, Çexiya Respublikası, Estoniya, Belçika, Ruminiya, İsveç, Polşa, Macarıstan, Ukraniya, Türkiyə ölkələrindən olan ümumilikdə 36 hüquq təhsili alan tələbə biznes hüququna dair baza biliklər əldə edəcəklər. Bununla yanaşı, layihə çərçivəsində təşkil olunan mədəni və sosial proqramlar vasitəsilə iştirakçılar Azərbaycanın zəngin tarixi, mədəni irsi və milli dəyərləri ilə yaxından tanış olacaqlar. Proqram çərçivəsində iştirakçılar üçün İçərişəhərə ekskursiya, Dağüstü Park, Heydər Əliyev Mərkəzi və Azərbaycan Milli Xalça Muzeyi kimi paytaxtın tarixi və mədəni məkanlarına səfərlər də nəzərdə tutulub.