Azərbaycan üçün tarixi fürsət: ölkəmizin nümayəndəsi dünya güləşinə rəhbərlik edə biləcəkmi?


  • 13:50

2026-cı ilin oktyabr ayında dünya idman ictimaiyyəti təkcə United World Wrestling (UWW) təşkilatı üçün deyil, həm də Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edə biləcək bir seçim qarşısında qalacaq.

Uzun illərdən sonra ilk dəfə olaraq ölkəmizin nümayəndəsinin dünyanın müxtəlif ölkələrinin milli güləş federasiyalarını birləşdirən beynəlxalq federasiyaya rəhbərlik etmək üçün real imkanları yaranmışdır. Lakin seçkilər yaxınlaşdıqca mübarizə təkcə namizədlər arasında deyil, eyni zamanda UWW Konstitusiyasının tələblərinə əməl olunması məsələsi ətrafında da genişlənməkdədir.

UWW prezidentliyinə namizədlərdən biri beynəlxalq güləş ictimaiyyətində ən tanınmış və nüfuzlu idman rəhbərlərindən hesab olunan Namiq Əliyevdir. O, uzun illər ərzində üç dəfə UWW Bürosunun üzvü seçilmiş, beynəlxalq güləş idarəçiliyinin islahatlarında yaxından iştirak etmiş və müxtəlif qitələri təmsil edən idman ictimaiyyəti arasında yüksək nüfuz qazanmışdır. Bir çox mütəxəssis onun namizədliyini dünya güləşinin tarixində yeni mərhələnin başlanması üçün mühüm fürsət kimi qiymətləndirir.

Digər əsas namizəd isə Rusiya İdman Güləşi Federasiyasının prezidenti, olimpiya çempionu və Rusiya idmanının tanınmış simalarından biri olan Mixail Mamiyaşvilidir. Bununla belə, ekspertlər hesab edirlər ki, Rusiya idmanına münasibətdə qüvvədə olan beynəlxalq məhdudiyyətlər onun seçilmə perspektivlərinə obyektiv şəkildə mənfi təsir göstərə bilər.

Beləliklə, yaranmış şəraitdə Azərbaycan tarixdə ilk dəfə dünyanın ən böyük beynəlxalq idman federasiyalarından birinə rəhbərlik etmək imkanı əldə etmişdir.

Gözlənilməz dönüş

Lakin UWW-nin hazırkı prezidenti Nenad Laloviçin yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlaması vəziyyəti dəyişdirmişdir. Məhz bu qərar beynəlxalq idman hüququ üzrə bir sıra mütəxəssislərin ciddi hüquqi suallar qaldırmasına səbəb olmuşdur.

Qeyd olunur ki, UWW Konstitusiyasına əsasən prezident vəzifəsində qalma müddəti ardıcıl iki altıillik müddətlə məhdudlaşdırılmışdır. Buna görə də hazırkı prezidentin növbəti dəfə seçkilərdə iştirak etmək niyyəti artıq ictimai müzakirələrin və hüquqi təhlillərin predmetinə çevrilmişdir.

Lakin hüquqi müzakirələr bununla yekunlaşmır. Namizədlərin siyahısının formalaşdırılması proseduru ilə tanış olan mənbələrin təsdiqlədiyi məlumata görə, Serbiya Güləş Federasiyası Nenad Laloviçi yeni müddət üçün UWW Bürosuna üzvlüyə namizəd kimi irəli sürməmişdir. Federasiya tərəfindən rəsmi namizəd qismində Jelko Traykoviç təqdim olunmuşdur. Bu hal da idman hüququ üzrə mütəxəssislər arasında geniş müzakirələr doğurmuşdur. Belə ki, UWW Konstitusiyasında təsbit edilmiş “bir milli federasiya – bir namizəd” prinsipinə əsasən, hər bir milli federasiya rəhbər orqanlara yalnız bir namizəd irəli sürə bilər.

Eyni zamanda Nenad Laloviçin UWW Bürosunun üzvü kimi səlahiyyət müddəti 2026-cı ildə başa çatır. Bu baxımdan bir sıra ekspertlər UWW Konstitusiyasının daha bir mühüm müddəasına diqqət çəkirlər. Həmin müddəaya əsasən, prezident vəzifəsinə namizəd yalnız Federasiyanın fəaliyyətdə olan Büro üzvü ola bilər. Əgər hazırkı prezident öz milli federasiyası tərəfindən Büro üzvlüyünə yenidən namizəd göstərilməyibsə, onun prezidentliyə namizədliyinin UWW Konstitusiyasının tələblərinə uyğun olub-olmaması məsələsi ortaya çıxır.

Məhz bu hallar hazırda peşəkar hüquqi müzakirələrin və hüquqi qiymətləndirmələrin əsas predmetini təşkil edir.

Fransa mətbuatı mövzunu ictimai müzakirəyə çıxarır Mövcud vəziyyətə əlavə diqqət fransalı jurnalist Jil Miaelinin nəşrləri nəticəsində yönəlmişdir. Son həftələr ərzində Fransanın Causeur jurnalında UWW rəhbərliyinin fəaliyyəti ilə bağlı bir neçə analitik məqalə dərc olunmuşdur. Həmin materiallarda təşkilatın maliyyə dayanıqlılığı, korporativ idarəetmə sistemi, ayrı-ayrı qərarların qəbul edilməsi prosedurları təhlil edilir, həmçinin müəllifin fikrincə, səlahiyyətli dövlət orqanları tərəfindən hüquqi qiymətləndirilməsi zəruri olan bir sıra hallar göstərilir.

Mövcud məlumata görə, həmin nəşrlərdə göstərilən faktlarla bağlı müvafiq müraciətlər Fransa və İsveçrənin hüquq-mühafizə orqanlarına göndərilmişdir. Hazırda bu müraciətlərə baxıldığı bildirilir. Bununla belə, indiyədək səlahiyyətli dövlət orqanları tərəfindən hər hansı rəsmi nəticə və ya hüquqi qiymətləndirmə açıqlanmamışdır.

İyul ayında Bakıya gözlənilən səfər

Etibarlı mənbələrin verdiyi məlumata görə, iyul ayının sonunda Nenad Laloviç UWW Bürosunun bir sıra üzvləri ilə birlikdə 17 yaşadək idmançılar arasında keçiriləcək dünya çempionatında iştirak etmək məqsədilə Azərbaycana səfər etməyi planlaşdırır. İdman ictimaiyyətində fəal şəkildə müzakirə olunur ki, bu səfər çərçivəsində Namiq Əliyevin prezident seçkilərində iştirakdan imtina etməsinə yönəlmiş müəyyən təşəbbüslər göstərilə bilər.

Bu məlumatların rəsmi təsdiqi mövcud olmasa da, belə iddiaların meydana çıxması Azərbaycan namizədinin seçilmə ehtimalının kifayət qədər yüksək qiymətləndirildiyini və qarşıdan gələn seçkilərin nə dərəcədə prinsipial əhəmiyyət daşıdığını göstərir.

Əhəmiyyəti idman sərhədlərini aşan seçkilər

UWW prezident seçkiləri artıq çoxdan yalnız beynəlxalq idman federasiyasının daxili məsələsi olmaqdan çıxmışdır. Söhbət dünyanın 180-dən artıq milli güləş federasiyasını birləşdirən ən iri beynəlxalq idman təşkilatlarından birinin gələcək idarəetmə modelinin müəyyən edilməsindən gedir.

Azərbaycan üçün isə bu seçkilərin əhəmiyyəti daha böyükdür. Ölkəmizin nümayəndəsinin UWW prezidenti seçilməsi təkcə Azərbaycanın dünya güləşinin inkişafına verdiyi uzunmüddətli töhfələrin beynəlxalq səviyyədə tanınması deyil, həm də uzun illərdir bu idman növünün aparıcı mərkəzlərindən biri hesab olunan dövlətimizin beynəlxalq nüfuzunun növbəti təsdiqi olardı.

Tarix belə imkanları hər zaman təqdim etmir. Məhz buna görə də 2026-cı ilin oktyabrında keçiriləcək UWW prezident seçkiləri Azərbaycan üçün sadəcə növbəti beynəlxalq səsvermə deyil, milli idman tariximizə düşəcək əlamətdar hadisələrdən biri ola bilər.

Oxşar xəbərlər