- 17 İyul 18:54
Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
E-huquq.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanlarına, eləcə də dənizkənarı istirahət zonalarına aparan istiqamətlərdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırdığından, Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb.
Sürücülərə hərəkət sürətini yol və hava şəraitinə uyğun seçmələri, uzun məsafəyə yola çıxmazdan əvvəl kifayət qədər dincəlmələri, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməmələri, təhlükəsiz ara məsafəsini qorumaları, riskli ötmə və digər təhlükəli manevrlərdən çəkinmələri, yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etmələri və səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamaları tövsiyə olunub.
“Dənizkənarı və digər istirahət məkanlarına üz tutan vətəndaşlardan, eləcə də piyadalardan xahiş olunur ki, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər, yolu keçərkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə etməsinlər. Çimərliklər və istirahət zonalarının ətrafında hərəkətin intensiv olduğunu nəzərə alaraq, həm sürücülər, həm də piyadalar qarşılıqlı diqqət və ehtiyatlılıq nümayiş etdirməlidirlər”, - müraciətdə qeyd olunub.