- 18:22
2026-cı ilin oktyabrında keçiriləcək Dünya Güləş Birliyi (United World Wrestling - UWW) prezident seçkiləri ilk baxışdan beynəlxalq idman təşkilatının növbəti seçki prosesi təsiri bağışlasa da, pərdəarxasında dünya güləşinin qarşıdakı onilliklərdə inkişaf istiqamətini müəyyən edəcək mühüm strateji dönüş nöqtəsinə çevrilib.
E-huquq.az Türkiyənin "Turktime.com" saytında yayımlanan "Dünya güləşində güc mübarizəsi: UWW seçkiləri yol ayrıcındadırmı?" Adlı məqaləni təqdim edir:
Dünya Güləş Birliyi (United World Wrestling - UWW) prezident seçkiləri təkcə rəhbər dəyişikliyi deyil, həm də şəffaflıq, qanunun aliliyi və qlobal idman diplomatiyasında qüvvələr balansının yenidən formalaşdırılması uğrunda mübarizə kimi qiymətləndirilir.
Tarixi güc, institusional səssizlik
Türkiyə güləşi onilliklər ərzində qazandığı Olimpiya, dünya və Avropa çempionluqları ilə qlobal güləş məktəbinin ən güclü dayaqlarından biri hesab olunur. Buna görə də UWW rəhbərliyində baş verən hər bir dəyişiklik Ankara üçün sadəcə nüfuz məsələsi deyil, həm də milli idman maraqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Lakin mövcud vəziyyətdə diqqətçəkən paradoks müşahidə olunur. Türkiyənin UWW Bürosuna üzvlük üçün namizəd irəli sürdüyü Olimpiya çempionu və türk güləşinin nüfuzlu simalarından birinin bu qlobal seçki kampaniyasının mərkəzində yer alacağı gözlənilsə də, onun həm prosesdən, həm də idarəetmədə ədalətə dair müzakirələrdən faktiki olaraq kənarda qalması suallar doğurur.
Dünyanın ən güclü güləş ölkələrindən biri olan Türkiyənin və onun nümayəndəsinin layiq olduğu institusional çəkini tam şəkildə nümayiş etdirə bilməməsi bir sıra mühüm sualları gündəmə gətirir. Türk namizədin dünya güləşinin gələcəyini birbaşa müəyyənləşdirəcək bu müzakirələrdə niyə daha fəal və görünən liderlik sərgiləmədiyi maraq doğurur. Eyni zamanda, beynəlxalq arenada Türkiyənin daha güclü mövqe nümayiş etdirməsinin vaxtının çatıb-çatmadığı da müzakirə olunmalı əsas məsələlərdən biridir.
Laloviç dövrü və şəffaflıq böhranı
Hazırda UWW prezidentliyi uğrunda hazırkı prezident Nenad Laloviç, Azərbaycan nümayəndəsi Namiq Əliyev və Rusiya nümayəndəsi Mixail Mamiyaşvili arasında üçtərəfli rəqabət gedir. Lakin ən kəskin diplomatik mübarizə Nenad Laloviçin yenidən namizəd olması ətrafında cərəyan edir.
Laloviçin üç prezidentlik müddətindən sonra yenidən namizədliyini irəli sürməsi UWW Konstitusiyasında nəzərdə tutulan səlahiyyət müddəti məhdudiyyətləri ilə açıq ziddiyyət təşkil edir. Bu isə onun namizədliyinin hüquqi legitimliyi ilə bağlı ciddi suallar yaradır.
Fransalı jurnalist Gil Mihaelinin Causeur jurnalında dərc olunan araşdırması isə federasiya ətrafındakı mübahisələri daha da dərinləşdirib. Məqalədə irəli sürülən iddialar kifayət qədər ciddi xarakter daşıyır. Xüsusilə federasiyanın xərcləri və büdcə idarəçiliyində şəffaflığın olmaması, çempionatların keçiriləcəyi ölkələrin seçilməsi zamanı qapalı danışıqların aparılması, rəhbərliyə ünvanlanan institusional sualların cavabsız qalması və ədalətli araşdırma prinsipləri ilə bağlı şübhələr diqqət mərkəzindədir.
Belə görünür ki, dünya güləşi artıq bu struktur problemlərin və etimad böhranının gizlədilə bilməyəcəyi bir mərhələyə çatıb.
Bakı–Ankara xətti: “Bir millət, iki dövlət”
Mövcud idarəetmə böhranı fonunda Azərbaycan nümayəndəsi Namiq Əliyevin namizədliyi güclü alternativ kimi ön plana çıxır. Əliyev beynəlxalq idman idarəçiliyində uzunillik təcrübəsi və müxtəlif qitələrdə fəaliyyət göstərən milli federasiyalarla formalaşdırdığı geniş əlaqələr sayəsində institusional tarazlığı təmin edə biləcək namizəd kimi dəyərləndirilir.
Bu namizədlik Türkiyə üçün təkcə qardaş ölkəyə verilən geosiyasi dəstək deyil, həm də Türk dünyasının beynəlxalq idman bürokratiyasında yeni mövqe qazanması baxımından mühüm fürsət hesab olunur. Namiq Əliyevin mümkün qələbəsi Ankara və Bakının ortaq idman baxışını qlobal miqyasda daha da gücləndirə, etimada və hüquqa əsaslanan yeni idarəetmə modelinin formalaşmasına zəmin yarada bilər.
Gələcəyin liderlik modeli: Ən uyğun namizəd
UWW tarixinin ən mühüm yol ayrıcı mərhələlərindən birini yaşayır. Federasiya ya hüquqi məhdudiyyətləri zorlayan mövcud idarəetmə modelini davam etdirəcək, ya da şəffaflıq və ədalət prinsiplərinə əsaslanan yeni dövrə qədəm qoyacaq.
Dünya güləşinin uzun illərdir davam edən idarəetmə böhranından çıxması yalnız namizədlər arasındakı qüvvələr balansından deyil, həm də idmana uzaqgörən, dinamik və nüfuzuna kölgə düşməmiş liderlərin rəhbərlik etməsindən asılıdır. Qlobal güləş ictimaiyyətinin həm diplomatik nüfuza, həm də idman etikası prinsiplərinə sadiq liderlərə ehtiyacı var.
Məhz belə bir struktur islahatları və yenilənmə baxışı çərçivəsində Türkiyə Güləş Federasiyasının prezidenti, Olimpiya çempionu Taha Akgülün UWW rəhbərliyində təmsil olunmaq üçün ən uyğun namizədlərdən biri olduğu vurğulanır.