- 20 İyul 19:45
United World Wrestling (UWW) təşkilatının oktyabr ayında keçiriləcək Konqresi ərəfəsində prezident seçkiləri ilə bağlı mübarizə yeni mərhələyə qədəm qoyub. UWW-nin Etika Komissiyasına təşkilatın rəsmi Büro iclasının seçki kampaniyasında namizədlərdən birinin xeyrinə istifadə olunması ilə bağlı rəsmi şikayət təqdim edilib.
2026-cı il 3 iyul tarixində İstanbulda keçirilən UWW Büro iclası zamanı Büro üzvü, İdmançılar Komissiyasının sədri və Ermənistan nümayəndəsi Arsen Culfalakyan təşkilatın hazırkı prezidenti Nenad Laloviçi dəstəkləyən məktubu səsləndirib.
Beləliklə, UWW-nin ali idarəetmə orqanlarından birinin rəsmi iclası seçki kampaniyası dövründə hazırkı prezidentin açıq şəkildə dəstəklənməsi üçün istifadə olunub. Digər namizədlərə isə eyni imkan verilməyib.
Etika Komissiyasına təqdim olunmuş şikayətdə qeyd edilir ki, bu addım namizədlərin bərabərliyi prinsipini, təşkilatın institusional neytrallığını, namizədlərin üzərinə götürdükləri yazılı öhdəlikləri, UWW Konstitusiyasını, Etika Məcəlləsini və seçkilərin keçirilməsi qaydalarını pozur. Şikayət müəlliflərinin fikrincə, təşkilatın rəsmi idarəetmə orqanlarının və inzibati imkanlarının ayrı-ayrı namizədlərin maraqları naminə istifadə edilməsi ədalətli və şəffaf seçki prinsipləri ilə uzlaşmır.
Şikayətdə həmçinin vurğulanır ki, Arsen Culfalakyanın çıxışı şəxsi mövqedən deyil, UWW Büro üzvü və İdmançılar Komissiyasının sədri statusunda rəsmi Büro iclası çərçivəsində səsləndirilib. Məhz buna görə də bu çıxış beynəlxalq federasiyanın rəsmi mövqeyi kimi qəbul edilə biləcək xüsusi institusional əhəmiyyət daşıyır.
Etika Komissiyasından məktubun müəlliflərinin və təşəbbüskarlarının müəyyən edilməsi, onun Büro iclasında səsləndirilməsinə kimin qərar verməsinin araşdırılması, Arsen Culfalakyanın bu addımı kimin adından atdığının müəyyənləşdirilməsi, Nenad Laloviçin əvvəlcədən bu təşəbbüsdən xəbərdar olub-olmamasının yoxlanılması, eləcə də həmin çıxışın Büro iclasının rəsmi protokolunda əks etdirilib-etdirilmədiyinin araşdırılması tələb olunur.
Bu hadisə UWW-də keçiriləcək prezident seçkilərinin şəffaflığı ilə bağlı müzakirələri daha da gücləndirib. Seçki kampaniyasının həlledici mərhələsində bütün namizədlər üçün bərabər imkanların təmin olunması və beynəlxalq federasiyanın rəsmi strukturlarından hər hansı namizədin maraqları naminə istifadə edilməsinin yolverilməzliyi əsas müzakirə mövzularından birinə çevrilib.
Baş verənlər Azərbaycan idman ictimaiyyəti üçün də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın nümayəndəsi UWW-nin rəhbər orqanlarına namizədliyini irəli sürüb və buna görə də seçkilərin tam şəffaf, bərabər və beynəlxalq normalara uyğun keçirilməsi bütün milli federasiyalar üçün prinsipial məsələ hesab olunur.
Etika Komissiyasının bu şikayət üzrə verəcəyi qərarın UWW-də seçki prosesinin legitimliyinə və təşkilatın gələcək idarəetmə modelinə təsir göstərə biləcək mühüm presedent olacağı gözlənilir.