Professor: "Hüquqi düşüncəmiz müstəqil olmalıdır"


  • 12:20

"Azərbaycan müstəqil dövlətdir və müstəqilliyin elan olunmasından sonra bütün sahələrdə müstəqilliyin eyni anda təmin edilməsi mümkün deyil. Bu, uzun zaman və böyük zəhmət tələb edən prosesdir. Hətta Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi də müstəqilliyin elanından illər sonra bərpa olunub. Bu prosesin ən şanlı səhifəsi isə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir. Şəhidlərin qəhrəmanlığı, qazilərin fədakarlığı, xalqın milli birliyi və Ali Baş Komandanın qətiyyətli siyasəti nəticəsində Azərbaycan tam suverenliyini və ərazi bütövlüyünü təmin edib".

E-huquq.az xəbər verir ki, bu fikirləri hüquq elmləri doktoru, professor İsfəndiyar Ağayev "Cinayət Hüququ" adlı kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib.

Professor bildirib ki, hüquqi düşüncə də müstəqil olmalıdır: "Ölkədə uzun illər formalaşmış elmi ənənədən tədricən uzaqlaşaraq müstəqil inkişaf yolu müəyyənləşdirilməli idi. Bunun üçün Azərbaycan hüquq elmi dünya hüquq elminin ən mühüm nailiyyətlərini mənimsəməli və milli hüquq məktəbi formalaşdırma idi.. Lakin hüquqi düşüncənin müstəqilliyi və milli hüquq elminin formalaşdırılması istiqamətində vaxtilə Azərbaycanda müxtəlif maneələr yaradılıb. Təkcə hüquqi düşüncənin deyil, həmçinin təhsil və elmin, ölkənin intellektual potensialının inkişafına da uzun müddət əngəllər törədilib və bu proses yaxın keçmişə qədər davam edib".

İ.Ağayev sonda "Cinayət Hüququ" kitabını müstəqil hüquqi düşüncənin formalaşdırılması və Azərbaycan hüququnun dünyada tanıdılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirib.

Humay Eminqızı

Oxşar xəbərlər