Professor İsfəndiyar Ağayevin "Cinayət Hüququ" kitabının təqdimatı keçirildi - FOTO


  • 13:17

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində hüquq elmləri doktoru, professor İsfəndiyar Ağayevin müəllifi olduğu "Cinayət Hüququ" kitabının təqdimat mərasimi keçirilib.

E-huquq.az xəbər verir ki, tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə ilk olaraq çıxış edən professor İsfəndiyar Ağayev nəşr haqqında ətraflı məlumat verib.

O bildirib ki, "Cinayət Hüququ" kitabı ölkədə müstəqil hüquqi təfəkkürün inkişafına töhfə verməklə yanaşı, Azərbaycan hüquq elminin beynəlxalq səviyyədə tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası sədrinin müavini, professor Vaqif Şadlinski, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov, Vəkillər Kollegiyası sədrinin müavini Şahmar Məmmədov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin kafedra müdiri, professor Firuzə Abbasova və digər natiqlər professor İsfəndiyar Ağayevin hüquq elminin inkişafına verdiyi dəyərli töhfələrdən bəhs ediblər.

Eyni zamanda nəşrin elmi və praktiki əhəmiyyətini yüksək qiymətləndirərək kitab barədə müsbət fikirlərini bölüşüblər.

Qeyd edək ki, İsfəndiyar Ağayev 2003-cü ildən BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir. O, cinayət hüququ, beynəlxalq cinayət hüququ və cəza-icra hüququ sahələrinə həsr olunmuş 20-dən artıq kitabın, həmçinin 200-dən çox elmi məqalənin müəllifidir.

Humay Eminqızı

Oxşar xəbərlər