- 15:54
Azərbaycanda binaların enerji sərfinin müəyyən edilməsi ilə bağlı yeni metodologiya təsdiqlənib.
E-huquq.az xəbər verir ki, bununla bağlı energetika naziri Pərviz Şahbazov müvafiq qərar imzalayıb.
Yeni qaydalar enerji istehlakının hansı əsaslarla hesablanacağını və bu zaman hansı məlumatların nəzərə alınacağını müəyyən edir.
Qərara əsasən, binanın enerji sərfi hesablanarkən elektrik enerjisi, qaz, istilik enerjisi və digər enerji daşıyıcıları üzrə istehlak eyni hesabat dövrü üçün birlikdə qiymətləndiriləcək. Əgər əvvəlki dövrdə enerji istehlakı ilə bağlı uçot aparılmayıbsa, həmin binanın enerji sərfini müəyyən etmək mümkün hesab edilməyəcək.
Yeni metodologiyaya görə, enerji sərfi tam illər üzrə hesablanacaq. Əgər hesablanma dövrü tam bir ili əhatə etməzsə, illik enerji sərfi xüsusi hesablama üsulu ilə müəyyən ediləcək.
Sənədə əsasən, bina üzrə enerji sərfinin müəyyən edilməsi dövrü 5 ildən azdırsa, hesablamalarda iqlim göstəriciləri də nəzərə alınacaq. Həmçinin bu müddətdə binada aparılan dəyişikliklər onun enerji səmərəliliyinə 10 faizdən çox təsir göstəribsə, əvvəlki məlumatlardan istifadə edilməyəcək. Dəyişikliklərin təsiri 10 faizə qədər olduqda isə əvvəlki göstəricilər müvafiq düzəlişlər edilməklə hesablamaya daxil ediləcək.
Qərarda qeyd olunur ki, enerji istehlakı əsasən sayğac göstəriciləri əsasında müəyyən ediləcək. Bununla yanaşı, elektrik, qaz və istilik təchizatçıları tərəfindən təqdim olunan hesab-fakturalar da faktiki enerji istehlakının hesablanması üçün əsas kimi istifadə oluna biləcək.
Yeni qaydalara görə, binada maye yanacaq istifadə olunursa, sərf olunan yanacaq çəndəki yanacaq səviyyəsinin dövrün əvvəlində və sonunda ölçülməsi, həmçinin həmin müddətdə alınan yanacağın həcmi nəzərə alınmaqla hesablanacaq.
Əgər bina qaz balonları ilə təmin edilirsə, bu halda enerji sərfi istifadə olunan qaz balonlarının sayına əsasən müəyyən ediləcək.
Sənəddə həmçinin bildirilir ki, istilik və isti su təchizatı üçün istifadə olunan qazan qurğuları sayğacla təchiz edildikdə, sərf olunan yanacağın həcmi sayğac göstəriciləri və qurğunun axın sürəti əsasında hesablanacaq. Bu qaydalar binalarda enerji istehlakının daha dəqiq qiymətləndirilməsinə və enerji səmərəliliyinin düzgün müəyyən edilməsinə xidmət edir.