Ədalətin keşiyində keçən ömür: Adil Ağayev - 80 yaş


  • 15:09

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, qanunçuluğun möhkəmləndirilməsi və insan hüquqlarının etibarlı müdafiəsi hər zaman xüsusi önəm kəsb etmişdir. Bu ali məqsədlərə xidmət edən, dövlətçiliyimizin qorunmasında mühüm rola malik olan prokurorluq işçilərinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Prokurorluq orqanlarının formalaşması və inkişafı tarixində öz peşəkar fəaliyyəti, yüksək mənəvi keyfiyyətləri və sarsılmaz prinsipləri ilə silinməz izlər qoymuş şəxsiyyətlərdən biri də prokurorluq orqanlarının veteranı, təcrübəli hüquqşünas Adil Əsgər oğlu Ağayevdir. Onun 1970-ci illərdən başlayan və onilliklər boyu davam edən fəaliyyəti əsl peşəkarlıq və vətənpərvərlik nümunəsidir.

Adil Ağayev 1946-cı il avqustun 3-də Azərbaycanın dilbər guşələrindən biri olan Quba rayonunda anadan olmuşdur. Onun gənclik illəri elmə, biliyə olan böyük maraq və cəmiyyətdə ədalətin bərqərar olunmasına bəslənən sonsuz istəklə xarakterizə olunur. Bu istək onu respublikanın ən nüfuzlu təhsil ocağına aparır. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə müvəffəqiyyətlə bitirən Adil Ağayev fundamental hüquqi biliklərə yiyələnir. Universitet illərində qazandığı elmi və nəzəri baza onun gələcəkdə mürəkkəb cinayət işlərinin açılmasında, qanunvericiliyin dürüst tətbiqində nümayiş etdirəcəyi yüksək analitik təfəkkürün təməlini qoyur. Ali təhsilini tamamladıqdan sonra o, 1974-cü il sentyabrın 18-də prokurorluq orqanlarında qulluğa qəbul edilərək Sumqayıt şəhər prokurorluğunun stajoru təyin olunur. Gənc mütəxəssisin işə olan məsuliyyəti, dəqiqliyi və hüquqi hadisələrə obyektiv yanaşması tez bir zamanda rəhbərliyin diqqətini cəlb edir. Cəmi bir neçə ay sonra, 1975-ci il aprelin 8-də Sumqayıt şəhər prokurorluğunun baş müstəntiqi vəzifəsi üzrə stajor, həmin ilin sentyabrın 16-da isə baş müstəntiq vəzifəsinə irəli çəkilir. Sumqayıt dövrü onun istintaq taktikasını mükəmməl mənimsəməsində mühüm rol oynayır. Gənc müstəntiqin istedadı və təşkilatçılıq qabiliyyəti mərkəzi aparat tərəfindən də yüksək qiymətləndirilir. 1975-ci il sentyabrın 17-dən Azərbaycan Prokurorluğunun Kadrlar şöbəsinin prokuroru vəzifəsini icra etməyə başlayan Adil Ağayev, həmin il dekabrın 3-də bu vəzifəyə təsdiq edilir. Kadrlar şöbəsindəki fəaliyyəti zamanı o, respublika miqyasında prokurorluq kadrlarının seçilməsi, yerləşdirilməsi və gənc mütəxəssislərin potensialının müəyyənləşdirilməsi işində yaxından iştirak edir. Bu isə ona prokurorluq sisteminin daxili strukturunu və idarəetmə mexanizmlərini dərindən dərk etmək imkanı verir.

İstintaq sahəsinə olan böyük sevgisi və peşəkar marağı Adil Ağayevi yenidən bilavasitə cinayətkarlıqla mübarizə sahəsinə qaytarır. O, 1976-cı il avqustun 16-dan Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi vəzifəsində çalışmağa başlayır. Paytaxtın ən böyük və dinamik rayonlarından birində müstəntiq kimi fəaliyyət göstərmək böyük məsuliyyət və operativlik tələb edirdi. Burada nümayiş etdirdiyi uğurlu nəticələr onun tezliklə Bakı şəhər prokurorluğuna dəvət olunması ilə nəticələnir. 1978-ci il iyulun 26-dan Bakı şəhər prokurorluğunun böyük müstəntiqi vəzifəsinə təyin olunan Adil müəllim mürəkkəb cinayət hadisələrinin araşdırılmasında prinsipiallıq nümayiş etdirir. Qanunun icrasına və düzgün tətbiqinə nəzarət sahəsindəki bacarığı nəzərə alınaraq, 1979-cu il mayın 22-də Bakı şəhər prokurorluğunun Daxili İşlər Orqanlarında istintaqa nəzarət şöbəsinin rəis müavini vəzifəsinə təyin edilir. Bu vəzifədə o, polis orqanları tərəfindən aparılan istintaqın qanuniliyini təmin edir, vətəndaşların hüquqlarının pozulmasının qarşısının alınması üçün qətiyyətli tədbirlər görür. Onun hüquqi təfəkkürü və dərin araşdırma qabiliyyəti mürəkkəb işlərin açılmasında hər zaman həlledici amil olmuşdur.

Məhz buna görə də o, 1981-ci il aprelin 28-də yenidən Bakı şəhər prokurorluğunun böyük müstəntiqi, 1983-cü il iyulun 23-də isə Bakı şəhər prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifələrinə gətirilir. "Xüsusilə mühüm işlər üzrə müstəntiq" statusu hüquq sistemində peşəkarlığın ən yüksək zirvələrindən biri hesab olunur. Adil Ağayev bu dövrdə cəmiyyətdə böyük rezonans doğuran, dövlət əmlakının mənimsənilməsi, ağır cinayətlər və mütəşəkkil cinayətkarlıqla bağlı olan onlarla mürəkkəb işin istintaqını yüksək səviyyədə apararaq tamamlayır. 1986-cı il iyunun 30-da isə o, Bakı şəhər prokurorluğunun Məhkəmələrdə cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunur. Bu vəzifədə Adil Ağayev dövlət ittihamının müdafiəsi işini keyfiyyətcə yeni mərhələyə qaldırır, məhkəmə hökmlərinin qanuniliyini, ədalətliliyini və əsaslılığını yoxlayaraq qanun pozuntularına qarşı prinsipial etirazlar edir.

1980-ci illərin sonu və 1990-cı illərin əvvəlləri Azərbaycanın tarixində ictimai-siyasi sabitliyin gərgin olduğu dövrlər idi. Belə bir vaxtda prokurorluq orqanlarında yüksək idarəçilik qabiliyyətinə və sarsılmaz dövlətçilik mövqeyinə malik kadrlara böyük ehtiyac var idi. Adil Ağayevin zəngin təcrübəsi respublika miqyasında dəyərləndirilir və o, 1990-cı il sentyabrın 3-də Azərbaycan Prokurorluğunun İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilir. Müstəqilliyimizin ilk illərində hüquq sisteminin yenidən qurulması prosesində aktiv iştirak edən Adil müəllim, 1992-ci il yanvarın 24-də Respublika Prokurorluğunda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə gətirilir. Həmin ilin sentyabrında bir müddət Respublika Nəqliyyat Prokurorluğunun istintaq şöbəsinin prokuroru kimi strateji sahədə xidmət edir. 1993-cü il iyulun 12-də Adil Ağayev Baş Prokurorluğun İstintaq idarəsinin rəisi kimi son dərəcə məsuliyyətli bir vəzifəyə təyin olunur. Respublika miqyasında baş verən ən ağır cinayətlərin, terror aktlarının və dövlət əleyhinə yönələn qəsdlərin araşdırılması məhz onun rəhbərlik etdiyi idarəyə həvalə edilir. Adil Ağayev qanunun gücündən istifadə edərək ölkədə asayişin bərpası, cinayətkar qruplaşmaların zərərsizləşdirilməsi istiqamətində gecə-gündüz fəaliyyət göstərir. Bu uğurlu fəaliyyətin məntiqi davamı olaraq, o, 1993-cü il noyabrın 19-da Bakı şəhər prokuroru vəzifəsinə təyin edilir. Paytaxtın prokuroru olmaq sadəcə hüquqi deyil, həm də böyük siyasi və mənəvi məsuliyyət demək idi. Bu dövrdə Bakıda sabitliyin qorunması, qanunsuz silahlı dəstələrin ləğv edilməsi və vətəndaşların təhlükəsizliyinin təmin olunmasında Adil Ağayevin rəhbərlik etdiyi Bakı şəhər prokurorluğu orqanları xüsusi rol oynayır.

Sonrakı fəaliyyətində Adil Ağayev 1994-cü il avqustun 8-dən Baş Prokurorluğun DİO-da qanunların icrasına nəzarət idarəsinin prokuroru, 1995-ci il aprelin 21-dən isə Azərbaycan Respublikası Prokurorluğunun Yetkinlik yaşına çatmayanlar haqqında qanunların icrasına nəzarət şöbəsinin prokuroru vəzifələrində çalışır. Xüsusilə gənclərin və yetkinlik yaşına çatmayanların cinayətkar qəsdlərdən qorunması, onların hüquqi maarifləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər onun humanist hüquqşünas obrazını daha da möhkəmləndirir. Ömrünün sonrakı xidmət illərində o, 1995-ci il mayın 16-dan Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, 2000-ci il iyulun 3-dən isə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon prokurorunun köməkçisi vəzifələrində çalışmışdır. İşlədiyi hər bir kollektivdə Adil müəllim gənc əməkdaşlara təkcə qanunun hərflərini deyil, həm də onun ruhunu — ədaləti, vicdanı və dövlətə sədaqəti aşılayan şəxs olmuşdur. Adil Ağayev stajorluqdan respublikanın paytaxt prokuroru səviyyəsinə qədər ucalan xidmət yolunu şərəflə və alnıaçıq başa vurmuş, xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək baş ədliyyə müşaviri rütbəsinə layiq görülmüşdür. Pensiyaya çıxdıqdan sonra da onun formalaşdırdığı iş prinsipləri, dürüstlük, qanunların icra və tətbiqinə nəzarət sahəsində tətbiq etdiyi metodologiya bu gün də gənc prokurorluq əməkdaşları tərəfindən öyrənilir və tətbiq olunur. Baş ədliyyə müşaviri Adil Ağayev hüquq-mühafizə orqanları tarixində təkcə peşəkar dövlət məmuru kimi deyil, həm də qanunun aliliyini hər şeydən uca tutan, mühüm nüfuza malik əsl ziyalı kimi adını həmişəlik tarixə yazdırmışdır.

Allahyar Məmmədli

Azərbaycan Respublikası Baş Prokurorluğunun
Kadrlar idarəsinin prokuroru

I dərəcəli hüquqşünas

Oxşar xəbərlər