BDU Hüquq fakültəsinin dekanı: "Parlaq karyera qurmaq istəyən abituriyent bizim fakültəni seçsin"


  • 12:42

Hər bir abituriyentin həyatında ən mühüm mərhələ olan ixtisas seçimi ərəfəsində respublikamızın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin ən böyük və nüfuzlu fakültələrindən biri olan Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev e-huquq.az-ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Ali təhsil müəssisələrinə qəbul imtahanları artıq yekunlaşıb və abituriyentlər ixtisas seçimi mərhələsindədirlər. Sizcə, hüquq təhsili almaq istəyən gənclər niyə məhz Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçməlidirlər?

- Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ölkəmizdə hüquq elminin və təhsilinin formalaşmasında və inkişafında mühüm rolu olan, zəngin ənənələrə malik təhsil müəssisələrindən biridir. Hüquq təhsili seçərkən yalnız universitetin adı deyil, tələbəyə təqdim olunan akademik mühit, inkişaf imkanları və gələcək karyera üçün yaradılan şərait də nəzərə alınmalıdır. Fakültəmizin əsas üstünlüklərindən biri fundamental hüquq bilikləri ilə yanaşı, tələbələrin analitik düşünmə və praktiki bacarıqlarının inkişafına xüsusi diqqət yetirilməsidir. Tələbələr müxtəlif elmi tədbirlərdə, hüquq müsabiqələrində, moot court yarışlarında, seminar və layihələrdə iştirak etməklə əldə etdikləri nəzəri bilikləri tətbiq etmək imkanı qazanırlar. Eyni zamanda, müasir hüquq təhsilinin tələblərinə uyğun olaraq beynəlxalq təcrübənin öyrənilməsinə, xarici dillərdə hüquqi mənbələrlə işləməyə və tələbələrin qlobal akademik mühitə inteqrasiyasına da xüsusi əhəmiyyət verilir.

- Bakı Dövlət Universitetinin son dövrlərdə əldə etdiyi uğurlar barədə nə deyə bilərsiniz? Bu nailiyyətlər Hüquq fakültəsinin inkişafına və beynəlxalq nüfuzuna necə təsir göstərir?

Bakı Dövlət Universitetinin son dövrlərdə əldə etdiyi mühüm uğurlardan biri beynəlxalq reytinqlərdə mövqeyinin əhəmiyyətli dərəcədə yüksəlməsidir. QS World University Rankings 2027 reytinqində BDU 565-ci pillədə qərarlaşıb. Universitet əvvəlki illə müqayisədə 123 pillə irəliləyərək Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olub. Biz bununla fəxr edirik. Hüquq fakültəsi baxımından isə QS World University Rankings by Subject 2026 nəticələri xüsusi əhəmiyyət daşıyır. BDU ilk dəfə iki geniş ixtisas kateqoriyası üzrə reytinqə daxil olub, dar ixtisas sahələrinin sayı isə 8-ə yüksəlib. Bu reytinqdə Hüquq sahəsi üzrə BDU 301–350-ci yerlər arasında qərarlaşıb. Bu, Hüquq fakültəsinin beynəlxalq səviyyədə tanınması baxımından mühüm nailiyyətdir. Bundan əlavə, BDU 2026-cı ildə QS Europe reytinqində 58 pillə yüksələrək Avropada 278-ci yerdə qərarlaşıb. Bu nəticələr elmi tədqiqatların gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin nəticəsidir. Universitetin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi Hüquq fakültəsinin də beynəlxalq nüfuzuna müsbət təsir göstərir, yeni əməkdaşlıqlar və tələbələr üçün daha geniş akademik imkanlar yaradır.

- Müasir dövrdə hüquqşünaslardan gözlənilən əsas bacarıqlar hansılardır və fakültə bu bacarıqların formalaşdırılmasına necə töhfə verir?

- Müasir hüquqşünasdan yalnız qanunvericiliyi yaxşı bilmək tələb olunmur. Hüquqi düşüncə, analitik yanaşma, hüquqi araşdırma aparmaq, düzgün və əsaslandırılmış mövqe formalaşdırmaq, fikri yazılı və şifahi şəkildə ifadə etmək, komanda ilə işləmək kimi bacarıqlar da böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, hüquqşünas daim dəyişən dünyaya uyğunlaşmağı bacarmalıdır. Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması, texnologiya və enerji kimi yeni istiqamətlər hüquq qarşısında yeni məsələlər yaradır. Fakültədə tələbələrin bu bacarıqları formalaşdırması üçün akademik təhsillə yanaşı, müxtəlif elmi və praktiki fəaliyyətlərə cəlb olunmasına şərait yaradılır. Konfranslar, seminarlar, moot court yarışları və elmi layihələr tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla tamamlamasına imkan verir.

- Tələbələrin təhsil müddətində dövlət qurumları, məhkəmələr və hüquq şirkətləri ilə əməkdaşlıq imkanları necə təşkil olunur?

- Hüquq təhsilində nəzəri biliklərlə praktiki təcrübənin vəhdəti olduqca vacibdir. Tələbə universitetdə öyrəndiyi hüquqi normaların real həyatda necə tətbiq olunduğunu görməli, müxtəlif hüquq peşələrinin xüsusiyyətləri ilə tanış olmalıdır. Bu məqsədlə tələbələrin dövlət qurumları, məhkəmələr, hüquq şirkətləri və digər hüquq institutlarının nümayəndələri ilə görüşləri, seminar və təlimlərdə iştirakı, müxtəlif praktiki layihələrə cəlb olunması üçün imkanlar yaradılır. Belə əməkdaşlıq tələbələrə həm hüquq peşəsinin müxtəlif istiqamətlərini yaxından tanımağa, həm də gələcək karyeraları ilə bağlı daha düzgün qərarlar verməyə kömək edir.

- Hüquq fakültəsinin məzunlarının uğurları fakültənin inkişafına və nüfuzuna necə təsir göstərir?

-Məzunların uğuru hər bir təhsil müəssisəsi üçün ən mühüm göstəricilərdən biridir. Çünki universitetdə verilən təhsilin real nəticəsini məzunların sonrakı akademik və peşəkar fəaliyyətində görmək mümkündür. Hüquq fakültəsinin tələbə və məzunlarının dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xüsusilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” gənclərimiz üçün mühüm imkanlar yaradır. Fakültə tələbələrinin bu proqram çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ qazanması onların akademik hazırlığının göstəricisi olmaqla yanaşı, fakültənin beynəlxalq rəqabət qabiliyyətini də nümayiş etdirir. Tələbələrə, gənclərə yaradılan şəraitə, göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Məzunlarımız dövlət idarəçiliyi, məhkəmə sistemi, vəkillik, hüquq şirkətləri, beynəlxalq təşkilatlar, elm və təhsil kimi müxtəlif istiqamətlərdə uğurla fəaliyyət göstərirlər. Onların hər bir uğuru fakültənin nüfuzuna töhfə verir və hazırkı tələbələr üçün də mühüm motivasiya mənbəyi yaradır.

- Tələbələrin universitet həyatında elmi və ictimai fəaliyyətlə məşğul olması üçün hansı imkanlar yaradılır?

- Universitet təhsili yalnız auditoriyada keçirilən dərslərlə məhdudlaşmamalıdır. Tələbənin elmi, ictimai və şəxsi inkişafı da təhsil prosesinin mühüm hissəsidir. Bu baxımdan fakültədə tələbələrin müxtəlif tələbə təşkilatlarının fəaliyyətində iştirakına xüsusi önəm verilir. Fakültəmizdə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı və Tələbə Könüllülər Təşkilatının fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Bu təşkilatlar tələbələrin elmi, ictimai və sosial fəallığının artırılması, onların tədqiqat, təşkilatçılıq, liderlik və komanda ilə işləmək bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif layihə, konfrans, seminar və sosial təşəbbüslərdə iştirakının təmin olunması baxımından mühüm platformalardır. Xüsusilə Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi araşdırmalara marağının artırılması, tədqiqat aparmaq, elmi məqalə və tezislər hazırlamaq, konfrans və seminarlarda iştirak etmək bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm rol oynayır.

Həmçinin məlumat vermək istəyərdim ki, Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı BDU Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin nəşri olaraq tələbələr tərəfindən hazırlanıb təşkil edilən və müvafiq akademik yoxlama qaydaları əsasında redaktə olunan ilk və yeganə tələbə hüquq jurnalıdır. Jurnal 2014-cü ilin noyabr ayında təsis edilib və milli və müqayisəli hüquqda mövcud olan müasir hüquq problemlərinə akademik səviyyədə peşəkar yanaşmanı təşviq edir. Hüquq tələbələrinin hüquqi yazı və hüquqi düşüncə bacarıqlarını inkişaf etdirmək, onları akademik araşdırmalara həvəsləndirmək və sağlam elmi rəqabət mühitinin formalaşmasına töhfə vermək Jurnalın əsas məqsədlərindəndir. Jurnalın dünyanın ən böyük hüquqi araşdırma məlumat bazalarından biri olan HeinOnline və Scopus-da indekslənməsi onun elmi nüfuzunu və beynəlxalq tanınmasını göstərən mühüm göstəricilərdən biridir. Fakültənin Tələbə Gənclər Təşkilatı tərəfindən 2023-cü ildən həyata keçirilən “Tələbədən tələbəyə” və “Tələbədən məktəbliyə” layihələri də tələbələrin inkişafına və sosial fəallığının artırılmasına yönəlmiş mühüm təşəbbüslərdəndir. “Tələbədən tələbəyə” layihəsi çərçivəsində tələbələr arasında bilik və təcrübə mübadiləsi, akademik və şəxsi inkişaf imkanlarının genişləndirilməsi təşviq olunur. “Tələbədən məktəbliyə” layihəsi isə hüquq sahəsinə marağın məktəb yaşlarından formalaşdırılması və şagirdlərin hüquqi maarifləndirilməsinə xidmət edir. Bu layihələr tələbələrimizin öz bilik və bacarıqlarını paylaşaraq cəmiyyətə töhfə verməsinə imkan yaradır.
Bununla yanaşı, tələbələrin müxtəlif layihələrdə, müsabiqələrdə, intellektual və ictimai tədbirlərdə iştirakı onların komanda işi, liderlik, kommunikasiya və təşkilatçılıq bacarıqlarının formalaşmasına kömək edir.

- Hüquq fakültəsinin tələbələrinə və bu ixtisası seçməyi planlaşdıran gənclərə nə demək istərdiniz?

- Hüquq ixtisasını seçmək istəyən gənclərə tövsiyəm odur ki, bu seçimi yalnız peşənin nüfuzuna və gələcək karyera imkanlarına görə etməsinlər. Hüquqşünaslıq böyük məsuliyyət tələb edən bir peşədir. Bu sahədə çalışan insan ədalət, qanunun aliliyi və insan hüquqları kimi fundamental dəyərlərə hörmət etməlidir.
Tələbələrə isə universitet illərindən maksimum səmərəli istifadə etməyi tövsiyə edərdim. Dərslərlə kifayətlənməsinlər, mütaliə etsinlər, xarici dillər öyrənsinlər, elmi və ictimai fəaliyyətlərdə iştirak etsinlər, özlərini müxtəlif istiqamətlərdə sınasınlar.

- Yeni tədris ilinə başlayan tələbələrə uğur qazanmaq üçün hansı tövsiyələri verərdiniz?
- Yeni tələbələrə ilk növbədə universitet həyatına fəal şəkildə qoşulmağı tövsiyə edərdim. Universitet yalnız dərsə gəlib imtahan verməkdən ibarət deyil. Bu illər insanın dünyagörüşünün, peşəkar maraqlarının və sosial bacarıqlarının formalaşdığı çox mühüm bir dövrdür.
Tələbələr tələbə təşkilatlarının fəaliyyətində, layihələr, konfranslar və müsabiqələrdə fəal iştirak etməlidirlər. Bu fəaliyyətlər onların həm yeni biliklər əldə etməsinə, həm də komanda və liderlik bacarıqlarını inkişaf etdirməsinə kömək edir. Əsas məqsəd yalnız yüksək qiymətlər əldə etmək deyil, bilikləri həqiqətən mənimsəmək, müstəqil düşünmək, araşdırmaq və öyrənməyi öyrənməkdir. Çünki yaxşı hüquqşünas olmaq üçün universiteti bitirmək kifayət deyil - hüquqşünas ömrü boyu öyrənməyə davam etməlidir.

Yekunda seçim ərəfəsində olan abituriyentlərə səslənərək demək istəyirəm ki, peşəkar hüquqşünas kimi yetişmək, uğur qazanmaq, özlərinə gələcəkdə parlaq karyera qurmaq istəyirlərsə BDU Hüquq fakültəsini seçsinlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər