Yunanıstanda güclü yanğın: 593 nəfər təxliyə edilib


  • 12:50

Yunanıstanın paytaxtı Afinanın yaxınlığında, Saronik körfəzində yerləşən Salamin adasında güclü yanğın baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Yunanıstanın “ERT-news” telekanalı məlumat yayıb.

Məlumata görə, yanğın Peristeriya qəsəbəsində zibillik ərazidə başlayıb. Güclü külək alovun qısa müddətdə geniş əraziyə yayılmasına səbəb olub.

Yanğın iki istiqamətdə davam edib. Ən təhlükəli istiqamət Peristeriya qəsəbəsi olub. Burada bir neçə ev yanıb. Digər istiqamətdə isə alov Seliniya qəsəbəsi yaxınlığında yayılıb.

Yanğın zamanı Peristeriyada evlərində köməksiz vəziyyətdə qalan iki yaşlı şəxs həyatını itirib. Daha 10 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

Təhlükə səbəbindən 593 nəfər dəniz yolu ilə təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğının söndürülməsi üçün 32 texnika, 146 yanğınsöndürən və könüllü, həmçinin 4 təyyarə və 6 helikopter cəlb olunub.

Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər