- 17:35
Sabah ölkənin təhsil müəssisələrində yeni tədris ili başlayır. Minlərlə şagird və tələbə bilik və bacarıqlarını artırmaq, yeni hədəflərə doğru irəliləmək üçün təhsil ocaqlarına üz tutacaq. Yeni dərs ili məktəblərdə və universitetlərdə yeni biliklərə, yeni arzulara və yeni uğurlara aparan növbəti yolun başlanğıcı olacaq.
Yol demişkən, sabahdan paytaxt sakinlərini də kifayət qədər ciddi marafon gözləyir. Yeni tədris ilinin başlaması yalnız şagird və tələbələrin deyil, cəmiyyətin digər təbəqələrinin də gündəlik həyatına təsir göstərəcək. Belə ki, hər il olduğu kimi, bu il də Bilik Günündə Bakı yollarında nəqliyyat sıxlığının artacağı gözlənilir. Gecikən avtobuslar, metroda sərnişin sıxlığı və yollarda yaranan tıxaclar artıq paytaxt sakinlərinin gündəlik qarşılaşdığı əsas problemlərdən birinə çevrilib.
Bəs yeni tədris ili ərəfəsində bu problemin qarşısının alınması üçün hansı tədbirlər görülüb? İctimai nəqliyyat artacaq sərnişin yükünə nə dərəcədə hazırdır? Bakı yollarında sabah bizi hansı mənzərə gözləyir?
Mövzu ilə bağlı e-huquq.az-a açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bu il paytaxt yollarında vəziyyətin ötən illərlə müqayisədə daha gərgin olacağı gözlənilir.
"Paytaxt yollarında vəziyyət ildən-ilə daha da gərginləşir. Bu il də Bilik Günündə, yəqin ki, fərqli mənzərə olmayacaq. Hətta ötən illərlə müqayisədə vəziyyətin daha gərgin olması gözlənilir. Bu, qaçılmazdır. Çünki artıq əvvəllər olmayan daha bir problem ortaya çıxıb. Düzdür, bu, zərurətdən irəli gələn bir məsələdir. Bakı Metropoliteninin "28 May" və "Nizami" stansiyaları arasında hərəkət yoxdur. Bu da, şübhəsiz ki, yollardakı tıxaclara öz təsirini göstərəcək. Bu baxımdan, yeni tədris ilində tıxacların ötənilkindən də çox olacağı ehtimal edilir. Çünki digər parametrlər dəyişməyib. Bakıda keçən il neçə metro stansiyası var idisə, bu il də həmin sayda stansiya fəaliyyət göstərir. Xətlərin ayrılması səbəbindən metronun əsas xəttində hərəkətdə bir illik fasilə yaranıb", - deyə o qeyd edib.
Ekspert deyib ki, son bir il ərzində xeyli sayda yeni avtobus cəlb edilib. Bəzi marşrutlar təkmilləşdirilib. Lakin bu tədbirlər də tıxacları aradan qaldıracaq səviyyədə deyil: "Mikromobillik vasitələrindən istifadə və digər alternativ nəqliyyat imkanlarının inkişafı istiqamətində isə ciddi irəliləyiş yoxdur. Bununla yanaşı, Bakı və Abşeronda əhalinin sayı artır. Həm daxili miqrasiya, həm də əhalinin ümumi artımı buna təsir göstərir. Digər tərəfdən, avtomobillərin sayı da çoxalır. Ən ciddi problemlərdən biri fərdi avtomobillərdən istifadəyə olan zərurətin artmasıdır. Çünki ictimai nəqliyyat və digər alternativlər kifayət qədər əlçatan olmadıqda insanlar kütləvi şəkildə şəxsi avtomobillərdən istifadə etməyə məcbur olurlar. Bu da tıxacların artmasına gətirib çıxarır. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, bu il vəziyyət daha pis olacaq. Elə bu gün metroda nasazlıqla bağlı problem yaşandı. "İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Nəticədə platformada çox sayda sərnişin toplanıb. Belə gözlənilməz hallar isə vəziyyəti daha da pisləşdirir".
Ə.Hüseynovun sözlərinə görə, paytaxtda nəqliyyat sıxlığının azaldılması üçün əsas həll yollarından biri ictimai nəqliyyatın daha da inkişaf etdirilməsi və mövcud imkanlardan maksimum səmərəli istifadə edilməsidir: "Aidiyyəti qurumlara tövsiyə və xahiş edirik ki, yeni tədris ilinin ilk günlərində ictimai nəqliyyat maksimum səviyyədə səfərbər edilsin. Bu gün Bakı metrosu öz maksimum imkanları ilə işləyir. Bundan artığı texniki baxımdan mümkün deyil. Həmçinin əldə olunan yeni avtobuslar da xətlərdə fəaliyyət göstərir. Lakin daşıyıcılar və AYNA çalışmalıdır ki, avtobuslar dəqiq qrafiklə hərəkət etsin, marşrutlarda pozuntulara yol verilməsin".
Ekspert onu da vurğulayıb ki, nəqliyyat sıxlığının yaranmasına yalnız ümumi yol hərəkəti deyil, lokal problemlər də təsir göstərir. Onun sözlərinə görə, xüsusilə məktəblərin ətrafında dayanma-durma qaydalarının pozulması vəziyyəti daha da çətinləşdirir: "Tıxaclara səbəb olan lokal amillər də var. Bunlar arasında dayanma-durma qaydalarının pozulmasını, xüsusilə məktəblərin ətrafında hər il müşahidə etdiyimiz vəziyyəti qeyd etmək olar. Bu məsələlər ciddi nəzarətə götürülsə, müəyyən yol ayrıcları, kəsişmələr və məktəblərin ətrafı nəzarətdə saxlanılsa, vəziyyəti nisbətən yüngülləşdirmək mümkündür. Bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var".
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) mözvu ilə bağlı e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tədris mövsümünün başlaması ilə əlaqədar Bakı şəhərində sərnişindaşıma imkanlarının artırılması istiqamətində tədbirlər genişləndirilir. Belə ki, sabahdan paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı rekord həddə 2530-ə çatdırılır.
"Bu, son illərin ən yüksək göstəricisidir. Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1780 avtobus istismar olunub. Bu rəqəm 2023-cü ildə 2011-ə, 2024-cü ildə 2180-ə, 2025-ci ildə isə 2340-ə yüksəlib. Beləliklə, cəmi 5 il ərzində paytaxtda xətlərə cəlb olunan avtobusların sayı 750 ədəd və ya 42% artırılıb.
Bu il isə ilk dəfə olaraq Bakı marşrutlarında eyni vaxtda 2530 avtobusun istismarı təmin edilir. Ötən illə müqayisədə bu, 200-ə yaxın avtobus artım deməkdir.
Avtobus sayındakı artım xüsusilə sərnişin tələbatının yüksəldiyi tədris mövsümü ərəfəsində əhəmiyyətlidir. Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində son bir ay ərzində 8 ekspres təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib", - deyə qurumdan bildirlib.
Qeyd olunub ki, avtobus parkının həm say, həm də keyfiyyət baxımından yenilənməsi istiqamətində işlər ilin sonuna qədər də davam etdiriləcək: "Bu il 29 sayda xətdə isə avtobuslar daha yeni və müasir avtobuslarla əvəz edilib. Əlavə avtobusların gətirilməsi ilə sərnişinlərin daha rahat, təhlükəsiz və keyfiyyətli ictimai nəqliyyat xidmətləri ilə təmin olunması imkanları genişləndiriləcək. Bu il özəl və dövlət müəssisələri tərəfindən 308 sayda avtobus gətirilib. Avtobusların artırılması davam etdirilir".
"Bakı Metropoliteni" QSC-dən sorğumuza verilən cavabda da yeni tədris ilinin başlanması ilə əlaqədar sərnişin sıxlığının qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Bildirilib ki, aparılan texniki optimallaşdırma tədbirləri nəticəsində Qırmızı xətdə qatarlararası interval azaldılır. Qeyd olunub ki, davamlı texniki yenilənmə, monitorinq və uğurlu sınaqlar nəticəsində xüsusi rejimdə 2 dəqiqə 30 saniyə olan intervalın daha da azaldılması mümkün olub. Belə ki, sentyabrın 15-dən etibarən “İçərişəhər-Əhmədli” mənzilində qatarların hərəkəti pik saatlarda 2 dəqiqəlik intervalla tənzimlənəcək.
"Sərnişin axınında zərurət yarandığı təqdirdə Yaşıl xətdə hərəkət qrafikinin 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə endirilməsi də təmin ediləcək. Yeni tədris mövsümünün başlanması ilə əlaqədar Bənövşəyi xətdə də qatarların hərəkəti payız-qış qrafikinə uyğunlaşdırılıb. Artıq "Avtovağzal-8 Noyabr" sahəsində 5 dəqiqə, "Xocəsən-Avtovağzal" sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur. Bütün xətlərdə sərnişin axınının intensivliyi nəzarətdə saxlanılacaq və monitorinqlər əsasında ehtiyac yarandıqda əlavə tənzimləmə tədbirləri görüləcək", - deyə qurumdan verilən məlumatda vurğulanıb.
Şəbnəm Mehdizadə