Azərbaycana qarşı bitməyən qərəz: AİHM qərarının arxasında nə dayanır?


  • 11:55

18 iyun 2026-cı il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “V.T. və digərlərinin Azərbaycana qarşı” məhkəmə işi üzrə qərar qəbul edərək guya V.T. adlı erməni hərbçisinə işgəncə verilərək öldürülməsi və onun yaxınlarına mənəvi iztirablar verilməsinə görə Azərbaycan tərəfinin 104 min avro pul ödəməsini qət etmişdir.

Hərbçi V.T.-nin valideynləri və bacısı AİHM-ə müraciət edərək 2016-cı ilin Aprel döyüşlərindən sonra humanitar təşkilatların dəstəyi ilə erməni hərbçilərinin meyitlərinin tapılaraq ailələrinə qaytarılmasını, lakin bəzi meyitlərdə başın, əllərin və digər orqanların aşkar olunmadığını bildirmişlər. Onların dediyinə görə, guya hadisədən bir il sonra internet resurslarında azərbaycanlı hərbçilər olması ehtimal edilən şəxslər tərəfindən kəsilmiş insan başı nümayiş etdirilmiş, həmin şəklin V.T-yə aid olduğunu yaxınları AİHM-ə bildirmiş, sonuncu adıçəkilən məhkəmə qərar çıxararkən əsas sübut kimi məhz bu xüsusatı daha “mötəbər” hesab etmişdir. Meyitin erməni qüvvələri tərəfindən tapılaraq götürüldüyündən belə bir cinayətin həqiqətən baş verməsinin araşdırılması üçün Azərbaycan tərəfinin real imkanının olmadığını isə məhkəmə, ümumiyyətlə, nəzərə almamışdır.

Məhkəməyə təqdim edilən erməni tərəfinin arqumentlərindən birinin olduğu başın fotoşəklinin məhkəməyə inandırıcı görünməsi ilə bağlı qeyd etmək lazımdır ki, bu yanaşmanın nə qədər ədalətsiz, qərəzli və qeyri-obyektiv olması barədə qənaətə gəlmək üçün elə də xüsusi biliyə malik olmaq lazım deyil. Ən azından bədənin həmin hissəsinin kiçicik də olsa, nümunələrinin olacağı halda və bu nümunələrin bədəndən zəruri komponentlər götürülməklə (ekshumasiya yolu ilə əldə edilməklə) müqayisəli şəkildə DNT analizi vasitəsilə dürüstləşdirildikdən sonra bədənin konkret hissələrinin eyni şəxsə məxsusluğu barədə əsaslandırılmış fikir söyləmək və yalnız bundan sonra hansısa hüquqi nəticəyə gəlmək olardı.

Əks halda bir o qədər də uzaq olmayan tarixi keçmişimizdə erməni millətçilərının hansı təxribatlarla siyasi niyyətlərinə cəhd etmələrinə dair coxsaylı nümunələr sadalamaq olar. Məsələn, 1988-ci ilin 27-28 fevralında Sumqayıt şəhərində baş vermiş kütləvi iğtişaşlar zamanı erməni və digər millətlərin nümayəndələrinin, o cümlədən 6 azərbaycanlının qətlə yetirilməsi ilə bağlı ovaxtkı SSRİ Prokurorluğunun istintaq qrupu müəyyən etmişdi ki, həmin hadisələrin əsas təşkilatçısı məhz milliyyətcə erməni Eduard Qriqoryan olmuşdur. Ermənilərin əksəriyyəti bu hadisələr barədə qabaqcadan məlumatlı olmaqla yerli Əmanət Bankından milyon manata yaxın (həmin dövrdəki pulla) vəsait çıxarmışdır. Ermənilər tərəfindən əvvəlcədən bu hadisələrin videoçəkilişi üçün tədbirlər görülmüş və sonrakı günlər həmin çəkilişlər qərəzli şərhlərlə dünya ictimaiyyətinə çatdırılmışdır. E.Qriqoryan məhkəmə hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdir. Bu fakt ermənilərin Azərbaycanı sivil dövlət kimi nüfuzdan salmaq, siyasi institutlarımıza sarsıdıcı zərbə vurmaq niyyətindən xəbər verir. Bu yerdə yada salmaq yerinə düşərdi ki, Osmanlı imperiyasının süqutunun səbəblərindən biri də Türkiyədə yaşayan erməni milliyyətçilərinin təxribatları və törətdikləri terrorlar olmuşdur.

Bunları sadalamaqla Aprel döyüşlərində erməni hərbçilərinin bədən hissələrinin kəsilməsini elə erməni separatçılarının özlərinin həyata keçirmələrini, məqsədlərinin isə həmin dövrdə dünya ictimaiyyətində Azərbaycan dövləti haqqında kəskin neqativ imic yaratmaq və özlərinin qondarma “artsax respublikası”na Avropa siyasi dairələrində dəstək almaq olmasını qabartmaq istərdik.

Avropa siyasətçiləri erməni millətçisi Zori Balayanın Xocalı hadisələri ilə bağlı yazdığı “əsər”ləri ilə azca tanış olsaydılar, separatçı rejimdə hansı iyrənc metodların olduğuna dair şübhələri qalmaz və bəlkə də AİHM-in qeyd edilən qərarlarına daha obyektiv yanaşardılar. Hər bir halda məhkəmə artıq qərar qəbul edib və dövlətimiz beynəlxalq hüquqi prosedurlar çərçivəsində bu ədalətsiz, qərəzli qərara münasibətini sərgiləyəcək. Çünki:

- həmin cinayət hadisələrində dövlətin və hərbçilərin nümayəndələrinin iştirakına dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməyib;

- həmin hadisələr zamanı aktiv döyüş şəraiti mövcud idi və Azərbaycan dövləti həmin ərazidə kriminogen hadisələrə müdaxilə etmək imkanında olmayb;

- döyüş şəraitindən ötən 10 il ərzində bu məsələ qaldırılmayıb, hansısa cinayət faktı barədə Azərbaycan tərəfinə müraciət edilməyib;

- meyitin təhqir olunması erməni sepatatçılarının özləri tərəfindən gələcək siyasi məqsədlər üçün reallaşdırıla bilərdi;

- AİHM-in qərarı ağlabatan və mötəbər sübutlar olmadan qəbul edilib, məhkəmənin belə şəraitdə qərar verməsi səlahiyyəti isə hüquqi mübahisə mövzusudur.

Bunlardan əlavə, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın indiki mərhələdə səs hüququnun olmaması da AİHM-in qərarlarının icrasından imtina edilməsi üçün müəyyən əsaslar verir.

Göründüyü kimi, Avropa siyasi institutları Azərbaycana qarşı qərəzli mövqeyini hər addımda davam etdirir ki, bu da dövlətimizin həm hüquq-mühafizə, həm də siyasi strukturlarının ayıq-sayıqlıqlarını itirməməyi, işğal olunmuş torpaqlarımızın tam azad edilməsi ilə barışmaq istəməyən bəzi xarici revanşist və siyasi qüvvələrə qarşı hüquqi və siyasi prosedurlar çərçivəsində qətiyyətli mövqe sərgiləməyə fokuslanmasının zəruriliyini ön plana çəkir.

Müqəddəs Sultanov

Azərbaycan Respublikası Milli Məclisi Aparatı rəhbərinin Məhkəmə hakimiyyəti orqanları ilə əlaqələr sektorunun müdiri

Oxşar xəbərlər