Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) balıq ovu ilə məşğul olan şəxslərə xəbərdarlıq edib.
E-huquq.az-ın xəbərinə görə, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib ki, brokonyerliyin qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən respublikanın daxili su hövzələrində, Kür və Araz çaylarında son aylar keçirilən birgə reydlər zamanı brokonyerlərdən qadağan olunmuş ov alətləri və müxtəlif növ balıqlar götürülüb.
Qanun pozucuları barəsində 8607 manat məbləğində cərimə tətbiq olunub, 4 iş üzrə hüquq-mühafizə orqanlarında cinayət işi açılıb.
ETSN rəsmisi bildirib ki, qadağan olunmuş ov alətlərindən olan sintetik tordan, qarmaqbatırma alətindən, elektrik aparatından, kimyəvi və partlayıcı maddələrdən istifadə etməklə qəddarcasına balıq ovuna, təəssüf ki, hələ də rast gəlinir: “Bir daha balıq ovu ilə məşğul olan şəxslərə bildiririk ki, qadağan olunmuş ov alətlərindən istifadəyə son qoysunlar, brakonyerlikdən çəkinsinlər. Ümid edirik ki, brokonyerlər görülən inzibati cəza tədbirlərindən, təbiətsevərlərin, konstruktiv mövqedə dayanan sağlam düşüncəli ictimaiyyət nümayəndələrinin qınağından nəticə çıxaracaqlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan, ictimaiyyət nümayəndələrindən xahiş edir ki, brokonyerlik halları ilə rastlaşdıqda dərhal nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər”.
