Azərbaycanda tanınmış hüquqşünas alim vəfat edib.
E-huquq.az-ın məlumatına görə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi, hüquq üzrə elmlər doktoru Mövsüm Mövsümov ötən gün 65 yaşında dünyasını dəyişib.
M.Mövsümov 1955-cı ildə Fizuli rayonunda anadan olub.1978-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Hüquq fakültəsinin əyani şöbəsinə daxil olub və 1983-ci ildə oranı "Hüquqşünaslıq" ixtisası üzrə bitirib. O, 1975-1977-ci illərdə Sovet Ordusu sıralarında xidmət keçib. 1975-1977 illərində Bakı şəhəri Mərmər zavodu, “Azərkəndtəssərrüfat”da fəhlə, 1984-1987-cu illərdə “Bakısənayetikinti” birliyində və “Süni dəri və plyonka materialları” zavodunun hüquqşünası vəzifələrində işləyib.
M.Mövsümov 1987-1991 illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsinin aspirantı olub və elmi işini müdafiə edərək hüquq elmlər namizədi adına layiq görülüb. 2001-2004-cü illərdədə Rusiya Federasiyası Sankt-Peterburq Dövlət universitetinin doktorantı olub və hüquq elmlər doktoru elmi dərəcəsini alıb. Rusiya Federasiyasının və Azərbaycan Republikasının hüquq elmləri doktorudur.
Tanınmış hüquqşünas 1987-ci ildən BDU-nun hüquq fakültəsinin baş müəllimi vəzifəsində çalışıb. Hüquq üzrə elmi dərəcələr verən daimi və birdəfəlik dissertasiya şuralarının sədr müavini və müdafiə şurasının üzvü olub.
M.Mövsümov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumlarında dəfələrlə ekspert qismində iştirak edib.
Allah rəhmət eləsin!
