Prezident İlham Əliyev: Biz qısa müddət ərzində bütün imkanlarımızı səfərbər edib COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğumuzu nümayiş etdiririk


  • 30 İyul 21:15

Biz qısa müddət ərzində bütün imkanlarımızı səfərbər edib COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğumuzu nümayiş etdiririk.

E-huquq.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 29-da Şəkidə modul tipli xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Pandemiyaya qədər ölkə ərazisində bizim cəmi altı laboratoriyamız var idi. Ola bilər ki, adi rejim üçün bu, kifayət idi. Ancaq indiyədək Azərbaycanda 700 min test keçirilib. Adambaşına keçirilmiş testlərin sayına görə biz dünyada qabaqcıl yerlərdəyik. Məhz bu testlərin kütləvi şəkildə keçirilməsi nəticəsində biz xəstələri aşkar edirik və onları müalicəyə cəlb edirik. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb. Bizim planımız bu laboratoriyaların sayını 45-ə çatdırmaqdır. Bu məsələ də öz həllini tapır. Çarpayı fondu artır, koronavirus xəstələri ən müasir xəstəxanalarda müalicə alır, o cümlədən bizim ən gözəl xəstəxanamız “Yeni klinika”da. Orada hazırda 360 xəstə yerləşib. Bildiyiniz kimi, bu klinikanın fəaliyyəti mərhələli şəkildə təşkil edilir.

İndi baxın, əgər bu klinika yaradılmasaydı, əgər bundan başqa 41 xəstəxana, - hansı ki, indi koronavirus xəstələrinə xidmət göstərir, - tikilməsəydi, bu gün biz çox ağır bir vəziyyətlə üz-üzə qalardıq. Bu, bir daha onu göstərir ki, biz gərək hər şeyi vaxtında edək. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsi olan yeni xəstəxanaların tikintisi və köhnə xəstəxanaların əsaslı təmiri proqramı demək olar ki, tam təmin edilib. Hətta pandemiyaya qədər bunun böyük faydası haqqında insanlar da artıq öz fikirlərini bildirirdilər. Çünki biz pandemiyaya qədər hər il kütləvi surətdə müayinədənkeçmə proqramı icra edirdik. Bu proqram 5 milyon insanı əhatə edir. Beş milyon insan dövlət tərəfindən yaradılmış imkanlar hesabına öz sağlamlığını müəyyən edir və xəstəliklər üzə çıxdıqda dərhal müalicə alır. Məhz bunun nəticəsində bizdə insanların ömrünün uzunluğu artır. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatlar da keçirilir.

Bir sözlə, biz qısa müddət ərzində bütün imkanlarımızı səfərbər edib COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğumuzu nümayiş etdiririk. Heç bir ölkə buna hazır deyil, heç bir ölkə. Xüsusilə pandemiyanın ilk günlərində inkişaf etmiş ölkələrdəki vəziyyət bizim və dünyanın gözü qarşısında cərəyan edirdi. Ən inkişaf etmiş ölkələr bu xəstəliklə bağlı lazımi tibbi xidməti göstərə bilmirdilər. Bu da yəqin ki, təbiidir. Çünki heç kim buna hazır deyildi.

Ona görə bizim əsas vəzifəmiz qısa müddət ərzində bütün səfərbərlik işlərini düzgün təşkil edərək, pandemiyadan minimum itkilərlə çıxmaq üçün infrastruktur və maddi-texniki bazanın yaradılmasından ibarət idi. Laboratoriyalar, xəstəxanalar, çox böyük təşkilati məsələlər öz həllini tapdı. Logistik məsələlər də həmçinin. Eyni zamanda, həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün əməli addımlar atıldı. COVID xəstələrinə xidmət göstərən həkimlərin maaşları 3-5 dəfə artırılıb. Ən vacib və ciddi problemlərdən biri də həkimlərin çatışmazlığıdır. Çünki bizim həkimlərimizin sayı adi rejimə hesablanıb. Ona görə xəstələrin kəskin artması, əlbəttə ki, bu problemi də üzə çıxarıb. Bundan çıxış yolunu biz xaricdən həkimləri Azərbaycana dəvət etməkdə gördük".

Oxşar xəbərlər