"Qadınların hüquqlarının qorunması dövlətin ali məqsədlərindən biridir".
E-huquq.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova “Qadın sahibkalığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” adlı Beynəlxalq Forumda deyib.
Onun sözlərinə görə, qadın hüquqları hər zaman prioritet olmalıdır, onların içində sahibkarlıq hüququ da var: "Şərqdə qadınlara kişilərlə birlikdə seçim haqqı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti zamanı verilib. Buna görə də mən deyərdim ki, Azərbaycanda qadın hüquqları ilk dəfə burdan start götürür. İqtisadiyyat inkişaf etdikcə sahibkarlıq üçün yaradılan şəraitə görə Azərbaycan da 57-ci yerdən 25-ci yerə sıçrayıb. Lakin iqtisadi inkişafın təmin olunması üçün insan hüquqlarının təmin olunması da vacibdir".
Ombudsman əlavə edib ki, dayanıqlı inkişafın əsas şərtlərindən biri də sülh şəraitinin olmasıdır: "Lakin siz bilirsiniz ki, Azərbaycan müharibə şəraitindədir. 30 ildən çoxdur ki, işğalçılıq siyasətindən əziyyət çəkir. Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkünün olması bütün sahələrə öz təsirini göstərib. Bu münaqişə eyni zamanda qadınların hüquqlarının pozulmasına da öz təsirini göstərib".
