Məzmuna keç

“Bakı Marafonu-2019″un qalibləri bəlli olub

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019” başa çatıb.

E-huquq.az-ın məlumatına görə, kişilərin mübarizəsində birinci yeri uqandalı İsmail Senyange tutub. İranlı Məhəmməd Cəfər Moradi ikinci olub. Azərbaycanlı Elman Abışov isə finiş xəttini üçüncü keçib.

Ukraynalı Valentina Paltavska isə qadınlar arasında hamıdan tez finişə çatıb. Şotlandiyalı Suzanna Matonti ikinci yeri tutub. Azərbaycanlı Ayna Yusibova isə üçüncü olub.

Qeyd edək ki, marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib.

“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədilə həyata keçirilir.

Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar gəlib. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar var. Eyni zamanda Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasında olublar.