Bakıda 2025-ci ilin sonuna 13 686 nəfər narkotik istifadəçisi qeydiyyata alınıb.
E-huquq.az xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlimdə deyib.
O bildirib ki, statistik göstəricilərə əsasən, Bakıdan sonra ən yüksək göstərici Sumqayıt şəhərində qeydə alınıb – 3 937 nəfər.
Lənkəran şəhərində 3 139, Şirvan şəhərində 1 450, Gəncə şəhərində 1 414, Abşeron rayonunda 1 410, Şəki rayonunda 1 334 nəfər narkotik istifadəçisi qeydiyyatdadır.
Cəlilabad rayonunda 899, Yevlax şəhərində isə 883 nəfər bu kateqoriyadan olan şəxs qeydiyyata alınıb.
Digər şəhər və rayonlar üzrə göstərici 14 472 nəfər təşkil edib.
Ümumilikdə, 2025-ci ilin sonuna ölkə üzrə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 42 624 nəfər olub.
