Məzmuna keç

Qarabağdan başlayan prokuror oyunbazlığının acı sonu…

Valeriy Vladimiroviç Vasilenko…. Yəqin ki, gənc nəsil Azərbaycan vətəndaşları üçün bu ad heç nəyi xatırlatmır…

Həqiqətdə isə bu şəxs keçmiş SSRİ dövləti dönəmində həmin dövlətin Baş Prokurorluğu tərəfindən Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinə Vilayət prokuroru (1988-1990-cı illər) vəzifəsinə təyin olunmuşdu…

Məhz bu illərdə Qarabağ torpaqlarında separatizm çiçəklənir, dövlət hakimiyyətini təmsil edən icra, hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan məmurlardan belə meyllərin qarşısını almaq üçün prinsipialliq, vəzifə borclarına vicdanlı münasibət tələb olunurdu…Lakin heç də həmişə bu gözləntilər öz nəticələrini təsdiq etmirdi. Konkret olaraq, 1988-ci ildə o vaxtkı Dağlıq Qarabağ Muxtar vilayəti Xalq deputatları Sovetinin sessiyasında vilayətin Azərbaycan SSR-nin tərkibindən çıxarılması barədə məsələ müzakirə olunarkən V.Vasilenko prokuror kimi mövqesizlik göstərərək qanunların eyni cür və dürüst icrasına nəzarəti həyata keçirən yüksək vəzifəli şəxs kimi sessiyada çıxış edərək mövqeyini bildirməli olduğu halda bunu etməmiş, hadisədən sonra ittifaq agentliyi olan TASS proqramına müsahibə verərək sessiyada çıxış üçün ona imkan verilmədiyini bəhanə etmiş, bu barədə İttifaqın əsas proqramlarından olan XƏBƏRLƏR /ВРЕМЯ/ televiziya verilişində süjet də göstərilmişdi. Lakin bu faktın özü sabiq prokurorun nə qədər riyakar olduğunu açıq biruzə verirdi, axı Sovetlər dönəmində supergüc sayılan prokurorluq orqanının Moskvadan təyin olunan rəhbərinin Sovet imperiyasının miqyası baxımından kiçik bir vilayətin sessiyasında çıxışına imkan verilməməsi faktına heç bir vəchlə inanila bilməzdi….

Səbəbini tapmaq bir o qədər də çətin deyildi-sadəcə bu məsələdə imperiyanın mərkəzindən gələn göstərişlərə uyğun olaraq susqunluğa üstünlük verilmiş, cənab Prezidentimizin bu yaxınlarda dediyi kimi, Azərbaycan da Sovetlər İttifaqı adlanan, əslində isə imperiya tipli dövlətin bir müstəmləkəsi olmuşdu. Müstəmləkələrdə isə “Parçala, hökm sür” prinsipi əsas siyasi xətt kimi mövcud olmuş, bu prinsiplə işləyən prokuror da seyrçi mövqe tutmuşdu. Həmin dövrdəki fəaliyyətilə bağlı illər sonra V.Vasilenko dövlətimizin mötəbər saytlarından olan Vesti.az-a müsahibə verərkən jurnalistimiz ona sual verərək nə üçün Qarabağdakı separatçı KRUNK təşkilatının rəhbərlərinə qarşı cinayət işi başlamamasını soruşmuş, sonuncu isə yenə də riyakarlıq edərək “…KRUNK təşkilatının fəaliyyətinin siyasi məsələ olduğunu, prokurorluğun isə siyasi məsələlərə müdaxilə etməməsi, eyni zamanda həmin dövrdəki cinayət qanunvericiliyində sepatçılıq və millətlərarası ədavəti qızışdırmaq anlayışlarının olmaması” kimi cəfəng fikirlər səsləndirmişdi. Hərçənd ki, təcrübəli prokuror olaraq bilirdi ki, 1961-ci ilin 01 iyulundan qüvvəyə minməklə həmin dövrdə hələ də qüvvədə olmuş Azərbaycan SSR Cinayət Məcəlləsinin 65 və ya 67-ci maddələrilə cinayət işi başlamaqla separçılığın özəyində prosesin lokallaşmasına ciddi təsir göstəməyə real imkan mövcud idi. Belə ki, o vaxtkı Cinayət Məcəlləsinin 65-ci maddəsinə görə əgər milli düşmənçilik salmaq məqsədilə yaradılan təşkilat sovet quruluşunu sarsıtmaq və ya xüsusi təhlükəli dövləti cinayətləri törətmək məqsədi güdürdüsə-Dövlət əleyhinə təşkilati fəaliyyət cinayəti üzrə, CM-nin 67-ci maddəsinə görə isə əgər fəaliyyət xüsüsi təhlükəli dövləti cinayət səviyyəsinə çatmırsa, lakin milli, irqi ədavət və ya düşmınçilik salmaq məqsədilə qrup şəklində təbliğat-təşviqat aparılmasını və ya vətəndaşların hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tuturdusa-Milli və irqi hüquq bərabərliyini pozma cinayəti üzrə cinayət işi başlanması prokurorun birbaşa vəzifəsi idi…. Hələ söz açmırıq ki, müstəsna səlahiyyətlərə malik olan prokuror tərəfindən daxili işlər və təhlükəsizlik orqanları qarşısında sepatçılığa meylli şəxslər barədə əməliyyat işinin açılması barədə məsələ qaldırılsaydı, koordinasiyalı şəkildə cinayətkarlığa qarşı mübarizə işi təşkil olunsaydı, çoxsaylı kriminal faktların ortaya çıxacağına heç şübhə belə olmazdı…Təki prokurorun istəyi və cəsarəti olaydı…

Lakin Qarabağda işlədiyi iki il ərzində V.Vasilenko sepatçılığın vüsət alması, onlara rəhbərlik edən şəxslərin cinayət əməllərinin günü-gündən artması, azərbaycan əsilli vətəndaşlara qarşı cinayət əməllərinin törədilməsi faktlarına baxmayaraq bir vilayət prokuroru kimi kəsərli tədbirlər görməsinə dair heç bir fəaliyyəti ilə fərqlənməmiş, əksinə erməni millətçilərilə sıcaq münasibətlər quraraq məhz onların müdafəsi mövqeyində olmaqla korrupsiyaya qurşanaraq sonunculardan faydalanaraq özünə sərvət toplamış, həmin sərvətin sayəsində cəmi iki ilə yaxın Qarabağda işləməklə, İttifaq prokurorluğu ilə əlaqələri hesabına 1990-cı idə Uzaq Şərq Nəqliyyat prokuroru /vilayət prokurorluğu statuslu/ vəzifəsinə təyin olunmuşdu. Qeyd edilən prokurorluğun tabeliyinə Uzaq Şərq regionunun bütün bölgələrinin-Xabarovsk, Amursk, Primorye, Kamçatka, Saxalin, Maqadan və digər ərazilərin nəqliyyat prokurorlugları daxil idi. Həmin dövrdə mən özüm də Vladivostok şəhərindəki Sakit Okean nəqliyyat prokurorluğunda işlədiyimdən onu bilavasitə tanıdım…. Söhbətlərində məhz ermənilərə simpatiyası açıq sezilir, Qafqaz regionuna qarşı ümumilikdə çox ədalı danışırdı…. Əsil imperiya canişini kimi…. Yuxarıda qeyd edilən vəzifədə də cəmi bir il işləməklə, V. Vasilenko Uzaq Şərqin ən zəngin regionu olan Primorye vilayəti prokuroru vəzifəsinə təyinatı arzusunu reallaşdıraraq bu vəzifədə 11 il işləməyə müvəffəq oldu…. Lakin Qarabağda vərdiş etdiyi oyunbazlıqlardan, korrupsiya əməllərindən Primoryedə də əl çəkmədi, əksinə-internet resurslarından göründüyü kimi-regionun ən mafioz rəhbər işçilərindən birinə çevrildi…Maraqlısı odur ki, orada da yenə erməni sevdasından uzaqlaşmadı və milliyətcə erməni olan Cavadov Serqey Qrantoviç adlı şəxsi özunə birinci müavin təyin etdi….Sanki ərazisi Azərbaycanın ərazisindən iki dəfə böyük olan bir vilayətdə qeyd edilən vəzifəyə başqa bir layiqli namizəd tapılmadı…

2005-ci ildə V.Vasilenko vəzifədən kənarlaşdırılsa da, bir müddət vilayətin vitse-qubernatoru kimi məsul vəzifədə də işlədi… Necə deyərlər: odda yanmaz, suda batmaz…. Amma hər oyunbazlığın bir sonu olduğu kimi, ömrünün səkkizinci onluğunu yaşayan 77 yaşlı bu qoca eks-prokurorun da aqibəti heç də düşündüyü kimi olmadı və 2023-cü ilin avqustunda bir sıra ağır korrupsiya cinayətlərinə: dələduzluq, özgə əmlakını mənimsəmə, müdafiə müəssisəsinin səhmlərini ələ keçirməyə cəhd, cinayət yolu ilə əldə edillən əmlakın leqallaşdırılmasına görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs edildi və hazıda məhkəmə hökmünü gözləməkdədir….

Məqaləni hazırlayarkən respublikanın və Rusiyanın internet resurslarındakı məlumatlardan istifadə olunub və faktlara da həmin məlumatlara əsaslanmaqla istinad edirəm…. Hədsiz heyrət doğuran və heç cür anlaşılan deyil ki, həyatda özünün heç övladı belə olmayan bu qoca eks-prokurorun həyasızlığı, acgözlüyü nədən, hansı istəklərdən qaynaqlanırmış…. Rusiyanın ən etibarlı saytlarından olan «Коммерсантъ»ın məlumatlarına görə artıq V.Vasilenko və onun cinayət ortağından prokurorluğun iddiası və məhkəmə qərarı ilə “Şərq Gəmiqsyırma zavodu”nun səhmləri, eləcə də 200 daşınmaz əmlak obyektləri-onlardan 34-ü sırf V.Vasilenkoya məxsusdur-geri, dövlət nəfinə qaytarılmışdır…. Bir tərəfdən bu faktlar dolayısı yolla eks prokurorun Qarabağda hansı “əxlaqla” işləməsini, digər tərəfdən Qarabağda insanlarımızın həmin dövrdə başlarına gələn bəlaların erməni separatçıları ilə yanaşı siyasi cəhətdən natəmiz, yalnız özlərinin şəxsi maraqlarına işləyən imperiya canişinlərinin ucbatından baş verməsini təsdiqləyir. Bəlkə də buna təəccüblənməyə dəyməz, axı dahi rus tənqidçi-dramaturqu Nikolay Qoqol hələ 19-cu əsrin əvvəllərində yazdığı “Müfəttiş” əsərində rus imperiyasında rüşvətxorluğun necə kök salmasını çılpaqlığı ilə açıqlamışdı və həmin imperiyanın indiki məmurlarından da hansısa layiqli davranışlar gözləmək sadəlövhlük olardı….Qarabağın eks-prokuroruna gəldikdə isə, görünən odur ki, Qarabağdakı oyunbazlıqlarına görə heç bir məsuliyyətə cəlb olunmaması onda bir cəzasızlıq sindromu yaradıbmış və özünü ətrafdakılardan daha hiyləgər, daha ağıllı hesab edirmiş…. Və bu da onun həyatının məntiqi acı sonu….
Qeydlərimi yazmaqla heç də kiminsə kədərli sonuna sevinmək fikrində deyiləm… Sadəcə istərdim ki, millətimizin başına gələn tarixi faciələrin səbəblərinin birini də olsa qabarıq göstərib, sovet imperiysının müstəmləkə hesab etdiyi ərazilərin vətəndaşlarına qarşı münasibətini bir daha yada salım, çünki tariximizi unutmamalıyıq, keçmişini unudan xalqın isə işıqlı gələcəyi də ola bilməz….

Müqəddəs Sultanov

III dərəcəli dövlət ədliyyə müşaviri